News

BAAU-da “18 oktyabr – Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirilib

BAAU-da “18 oktyabr – Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirilib
  • 17 Oct 2025

2025-ci il oktyabrın 17-də Bakı Avrasiya Universitetində (BAAU) “18 oktyabr – Müstəqilliyin Bərpası Günü” münasibətilə tədbir keçirilib. 

Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova müstəqilliyin Azərbaycan xalqının tarixində və milli kimliyinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, dövlət müstəqilliyinin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur.

Daha sonra Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov “Müstəqilliyimizin yenidən bərpası” mövzusunda çıxış edərək 1991-ci il 18 oktyabr tarixində qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın tarixi və siyasi əhəmiyyətindən danışıb.

Tədbir çərçivəsində BAAU Tələbə Gənclər Təşkilatının hazırladığı videoçarx nümayiş olunub.

Ardınca Ümumi fənlər kafedrasının dosenti Əjdər Yunusov “18 oktyabr – ADR-nin tarixi varisi kimi” mövzusunda çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə müasir müstəqil dövlətimizin ideoloji davamlılığı barədə fikirlərini bölüşüb.

Ümumi fənlər kafedrasının dosenti Jalə İsmayılova “Milli yaddaşdan dövlət müstəqilliyinə” adlı çıxışında xalqımızın azadlıq mübarizəsi tarixinin dövlət müstəqilliyimizin bərpasında oynadığı rolu diqqətə çatdırıb.

Sosial və siyasi fənlər kafedrasının müəllimi Aygün İsmayılova “Müstəqillik – dövlətimizin və ruhumuzun təntənəsi” mövzusunda çıxış edərək müstəqilliyin həm siyasi, həm də mənəvi anlamını qeyd edib.

Regionşünaslıq və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi Abdulla Ağayev “Azadlıq bizə miras deyil, əmanətdir” mövzusunda çıxışında gənclərin müstəqillik ideallarına sadiqliyinin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda Ümumi fənlər kafedrasının müdiri, dosent Sevil Bəhrəmova “Zirvələrdə dalğalanan bayraq azadlığın rəmzidir” adlı çıxışında Azərbaycan bayrağının xalqımızın milli qüruru və azadlıq mübarizəsinin simvolu olduğunu qeyd edib.

Tədbir mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

Other news