News

BAAU-da 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

BAAU-da 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib
  • 24 Jun 2025

Bakı Avrasiya Universitetində (BAAU) 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Sevda Rzayeva bildirib ki, Silahlı Qüvvələr Günü ölkəmizin müasir tarixində mühüm əhəmiyyətə malikdir. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan ordu quruculuğu siyasəti bu gün Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. 

Daha sonra Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı dos. Mütəllim Rəhimov Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən söz açaraq bu tarixi Zəfərin xalqımızın birliyinin, əsgər və zabitlərimizin qəhrəmanlığının bariz nümunəsi olduğunu bildirib. O, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin təhsil müəssisələrinin əsas vəzifələrindən biri olduğunu vurğulayıb.

Tədbirdə H.Əliyev adına Hərbi İnstitutun baş müəllimi, ehtiyatda olan polkovnik Əli Quliyev də iştirak edərək Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, hərbi hazırlığın səviyyəsindən və texniki təchizat baxımından müasir orduya çevrilməsindən bəhs edib. 

Humanitar fənlər və regionşünaslıq kafedrasının dosenti Əjdər Yunusov öz çıxışında xalqımızın zəngin hərbi irsindən və bu irsin bu günkü ordu quruculuğunda mühüm rol oynadığından danışıb. O bildirib ki, Azərbaycanın Silahlı Qüvvələri tarixi ənənələrlə yanaşı, müasir hərbi texnologiyalar və döyüş taktikaları ilə də gücləndirilib.

Kafedranın digər əməkdaşı Jalə İsmayılova çıxışında güclü ordunun təkcə silahla deyil, mənəvi ruh və vətən sevgisi ilə formalaşdığını diqqətə çatdırıb.

Tədbirdə daha sonra söz alan Humanitar fənlər və regionşünaslıq kafedrasının baş müəllimi Məleykə Adıgözəlova isə təhsil və ordu arasında qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışıb. O, vətənpərvərlik ruhunda tərbiyənin tələbələr arasında milli kimliyin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib

Tədbir iştirakçıları arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb və sonda xatirə şəkli çəkilib.

Other news