- 28 Sep 2026
Bakı Avrasiya Universitetində (BAAU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin açılışında BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova çıxış edərək 27 Sentyabr tarixinin Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələlərdən biri olduğunu bildirib. Qeyd olunub ki, həmin tarixdə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun qarşıya qoyulmuş hərbi vəzifələri yerinə yetirməsi və ölkənin ərazi bütövlüyünün bərpası ilə nəticələnib. O, əldə olunan Zəfərin Azərbaycanın dövlət müstəqilliyinin və milli iradəsinin mühüm göstəricilərindən biri olduğunu vurğulayıb.
Daha sonra Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Ümumi fənlər kafedrasının müdiri, dosent Sevil Bəhrəmova Anım Gününün ali təhsil müəssisələrində qeyd olunmasının gənclərin vətəndaşlıq mövqeyinin və milli məsuliyyət hissinin formalaşması baxımından əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, universitetlərdə Vətən müharibəsi ilə bağlı mövzuların tədris prosesində elmi və obyektiv yanaşmalar əsasında təqdim edilməsi gənclərin tarixi hadisələri daha dolğun qavramasına imkan yaradır.
Ümumi fənlər kafedrasının dosenti Rəvan Əliyev çıxışında Vətən müharibəsinin Azərbaycan tarixşünaslığında araşdırılması məsələsinə toxunub. O, müharibə dövrünün hadisələrinin müxtəlif mənbələr əsasında öyrənilməsinin və mühüm faktların elmi şəkildə sənədləşdirilməsinin gələcək tədqiqatlar üçün əhəmiyyət daşıdığını qeyd edib. Dosent Rəvan Əliyev bu istiqamətdə tarixi mənbələrin qorunmasının vacibliyini vurğulayıb.
Ümumi fənlər kafedrasının baş müəllimi Məleykə Adıgözəlova isə çıxışında şəhid ailələrinə göstərilən diqqət və qayğının ictimai əhəmiyyətindən danışıb. O, şəhid ailələrinin sosial dəstək və ictimai həmrəyliyin diqqət mərkəzində saxlanılmasının vacibliyini bildirib.
Tədbirdə 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsinin Azərbaycan tarixində yeri, tarixi yaddaşın qorunması, şəhidlərin və şəhid ailələrinin cəmiyyət həyatındakı rolu ilə bağlı fikirlər səsləndirilib.
Tədbir şəhidlərin əziz xatirəsinə ehtiramın ifadə olunması ilə yekunlaşıb.




