- 25 Jun 2025
Bakı Avrasiya Universitetində (BAAU) “Məzun günü 2025” tədbiri keçirilib. Ənənəvi olaraq təşkil edilən tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, məzunların ailələri, eləcə də bir sıra rəsmi qonaqlar iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən universitetin rektoru, dosent Səyavuş Qasımov məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq qeyd edib ki, bu mərhələ yalnız bir təhsil pilləsinin başa çatması deyil, eyni zamanda, tələbələrin əldə etdikləri bilik və bacarıqları cəmiyyətin rifahı üçün tətbiq edəcəkləri yeni bir dövrün başlanğıcıdır:
"Bu gün siz həm də azad bir ölkənin vətəndaşları, suveren Azərbaycan Respublikasının məzunlarısınız. Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə nəticəsində ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam bərpa olunub. Bu tarixi zəfərin qorunması üçün hər bir vətəndaş kimi siz də böyük məsuliyyət daşıyırsınız".
Rektor çıxışında həmçinin ali təhsil sahəsində həyata keçirilən dövlət siyasətindən və əldə olunan nailiyyətlərdən danışıb. O, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi təhsil siyasəti nəticəsində Azərbaycan ali təhsil sistemi mühüm inkişaf mərhələlərindən keçdiyini və tədris ilə elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, yüksək ixtisaslı kadrların hazırlanması və beynəlmiləlləşmə sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunduğunu vurğulayıb.
Daha sonra universitetin son illərdə əldə etdiyi uğurlara toxunan rektor, Bakı Avrasiya Universitetinin dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) agentliyinin Impact Rankings 2025 reytinqində və UI Green Metrics sıralamasında yer alaraq mövqeyini daha da möhkəmləndirdiyini, BAAU-nun BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə 5 istiqamətdə dünyanın top 1000 universiteti arasında yer aldığını, 2 istiqamət üzrə isə 401-600 aralığında qərarlaşdığını diqqətə çatdırıb.
Tədbirdə daha sonra çıxış edənlər, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı sədrinin müşaviri Əlisa Qurbanov, eləcə də Tədris işləri üzrə prorektor, dosent Nigar Hüseynova, BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva, Ümumi işlər üzrə prorektor Günhan Hüseynli, Filologiya fakültəsinin dekanı, dosent Salman Süleymanov və Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov da məzunlara təbriklərini çatdırıb, onlara həyatlarının yeni mərhələsində uğurlar arzulayıblar.
Tədbirin rəsmi hissəsi universitetin ictimai və akademik həyatında fəallığı ilə seçilən tələbələrə fəxri fərmanlar təqdim olunduqdan sonra məzunların ənənəvi “papaq atma” mərasimi və konsert proqramı ilə yekunlaşıb.