News

BAAU-da “Ali təhsil müəssisələrində nəticəyönümlü təhsil” mövzusunda təlim keçirilib

BAAU-da “Ali təhsil müəssisələrində nəticəyönümlü təhsil” mövzusunda təlim keçirilib
  • 17 Dec 2025

Bakı Avrasiya Universitetində (BAAU) Elm, innovasiya və doktorantura sektoru və Ümumi fənlər kafedrasının birgə təşkilatçılığı ilə “Ali təhsil müəssisələrində nəticəyönümlü təhsil” mövzusunda təlim təşkil olunub. 

Professor-müəllim və inzibati heyət üçün nəzərdə tutulan təlimin əsas məqsədi ali təhsil müəssisələrində nəticəyönümlü təhsil modelinin tətbiqi, təlim nəticələrinin düzgün planlaşdırılması və tədris prosesində effektivliyin artırılması məsələləri barədə iştirakçıların bilik və bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimdə BAAU-nun Elm, innovasiya və doktorantura sektorunun müdiri, h.ü.f.d. Vüsalə Həsənova “Ali təhsildə nəticəyönümlü təhsilin elmi əsasları və doktorantura səviyyəsində tətbiq imkanları” mövzusunda çıxış edib. Çıxış zamanı nəticəyönümlü təhsil modelinin ali təhsildə innovativ yanaşmalarla əlaqəsi, elmi fəaliyyət və doktorantura hazırlığında gözlənilən nəticələr geniş şəkildə izah olunub.

Ümumi fənlər kafedrasının müdiri, dosent Sevil Bahramova “Tədris proqramlarında nəticəyönümlü yanaşmanın formalaşdırılması və fənn üzrə təlim nəticələrinin müəyyənləşdirilməsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda fənn proqramlarının hazırlanması zamanı gözlənilən nəticələrin düzgün qurulması, təlim və qiymətləndirmə prosesinin uyğunlaşdırılması məsələlərinə toxunulub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Magistratura və doktorantura şöbəsinin müdir müavini, dosent Könül Mahmudova isə “Magistratura və doktorantura səviyyəsində nəticəyönümlü təhsilin qiymətləndirmə mexanizmləri” mövzusunda çıxış edib. O, ali təhsilin ikinci və üçüncü pillələrində təlim nəticələrinin ölçülməsi, kompetensiyaya əsaslanan qiymətləndirmə və keyfiyyət təminatı mexanizmləri barədə ətraflı məlumat verib.

Təlim interaktiv müzakirələr, praktiki nümunələr və sual-cavab formatında davam etdirilib, iştirakçılar arasında mövzu üzrə fikir və təcrübə mübadiləsi aparılıb.

Other news