News

BAAU-da “Azərbaycan 2030: Milli Prioritetlər və Böyük Qayıdış” mövzusunda dəyirmi masa keçirilib

BAAU-da “Azərbaycan 2030: Milli Prioritetlər və Böyük Qayıdış” mövzusunda dəyirmi masa keçirilib
  • 26 Nov 2025

Bakı Avrasiya Universitetində (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Sosial və siyasi fənlər kafedrasının təşkilatçılığı ilə “Azərbaycan 2030: Milli Prioritetlər və Böyük Qayıdış” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən Sosial və siyasi fənlər kafedrasının müdiri, t.ü.f.d., dosent Aybəniz Rüstəmova milli prioritetlərin sosial-siyasi kontekstdə aktuallığını vurğulayıb. Aybəniz Rüstəmova çıxışında qeyd edib ki, Azərbaycan 2030-cu ilə doğru irəliləyən dövrdə yeni çağırışlarla üz-üzədir və bu çağırışların adekvat qiymətləndirilməsi, sosial-siyasi idarəetmədə innovativ və çevik mexanizmlərin tətbiqi mühüm zərurətə çevrilib. Daha sonra Ümumi fənlər kafedrasının müdiri, t.ü.f.d. Sevil Bəhmənova Böyük Qayıdış proqramının ölkənin gələcək sosial-siyasi arxitekturasında mühüm yer tutduğunu bildirib. O qeyd edib ki, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri təkcə infrastruktur layihələri ilə məhdudlaşmır, həm də sosial həyatın bərpası və həmin bölgələrin insan potensialı ilə yenidən canlandırılması baxımından strateji önəm daşıyır.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə ölkənin sosial siyasətində yeni mərhələ ilə bağlı fikirlərini bölüşüb. İlyas Hüseynov çıxışında bildirib ki, 2030-cu ilədək müəyyən edilmiş sosial prioritetlər yalnız sosial müdafiə mexanizmlərinin genişləndirilməsi ilə məhdudlaşmır, həm də əmək bazarının modernləşdirilməsi, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəffaf, effektiv idarəetmə sisteminin formalaşdırılması kimi hədəfləri özündə birləşdirir. O, son illər həyata keçirilən sosial islahatları qiymətləndirərək vurğulayıb ki, dövlət siyasətinin humanist və inklüziv xarakteri cəmiyyətin bütün təbəqələrinin rifahına yönəlib.

Daha sonra Sosial və siyasi fənlər kafedrasının dosenti, t.ü.f.d. Pərinaz Sadıqlı “Azərbaycan 2030: Milli Prioritetlər və onun tətbiqi əhəmiyyəti” mövzusunda çıxış edərək prioritetlərin idarəetmədə tətbiq mexanizmlərinə aydınlıq gətirib. Eyni kafedranın dosenti, t.ü.f.d. Günay Pənah “Böyük Qayıdış və Milli Prioritetlər: Azərbaycanın yeni geosiyasi arxitekturası” mövzusunda regional siyasi-strateji mühitin elmi təhlilini təqdim edib. Ümumi fənlər kafedrasının dosenti, t.ü.f.d. Jalə İsmayılova Böyük Qayıdış proqramının siyasi, iqtisadi və demoqrafik əsaslarına dair çıxış edib. 

Sosial və siyasi fənlər kafedrasının müəllimi Aygün İsmayılova isə “Zəngəzur dəhlizi və qlobal nəqliyyat-logistika sistemində Azərbaycanın rolu” mövzusunda çıxış edərək dəhlizin regional inteqrasiya və nəqliyyat-kommunikasiya əlaqələrinə təsirini vurğulayıb.

Təqdimatlardan sonra mövzular ətrafında müzakirələr aparılıb, iştirakçılar elmi yanaşmaları dəyərləndirərək fikir mübadiləsi ediblər.

Sonda iştirakçılarla xatirə şəkilləri çəkilib.

Other news