News

BAAU-da Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş ustad dərs keçirilib

BAAU-da Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş ustad dərs keçirilib
  • 16 Dec 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Nəzəri dilçilik və Türk dilləri kafedrasının təşkilatçılığı və Yunus Əmrə İnstitutunun dəstəyi ilə Türkiyənin Hacettepe Universitetinin alimi, sabiq Türk Dil Qurumunun rəhbəri Prof. Dr. Şükrü Haluk Akalın Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Yüzüncü ilində Birinci Türkoloji Qurultayı" adlı ustad dərsi BAAU-nun konfrans zalında təşkil olunub. Sözügedən ustad dərsdə universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib.

Tədbirdə Bakı Yunus Emre İnstitutunun rəhbəri Gökhan Seyhan və İnstitutunun mütəxəssisi Hüseyn Musayev iştirak ediblər.

Ustad dərs Nəzəri dilçilik və Türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəylinin açılış nitqi ilə başlayıb. Açılış nitqində Türkologiya elminin tarixi inkişaf yolu, Birinci Türkoloji Qurultayın elmi və ideoloji əhəmiyyəti, eləcə də bu irsin müasir dövrdə tədqiqinin vacibliyi vurğulanıb.

Daha sonra Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva çıxış edərək BAAU-nun təhsil və elm sahəsində beynəlxalq əməkdaşlığa verdiyi önəmdən, xüsusilə Türk Dünyası elmi-mədəni əlaqələrinin inkişafında bu cür tədbirlərin mühüm rol oynadığını qeyd edib.

Ardınca professor Şükrü Haluk Akalın təqdimatla çıxış edərək Birinci Türkoloji Qurultayın yaranma tarixi, onun türk dünyasının elmi-mədəni inteqrasiyasında rolu, eləcə də türk dillərinin elmi tədqiqində açdığı yeni istiqamətlər barədə ətraflı məlumat verib. Ustad dərs sual-cavab və debat formatında davam edib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda professor Şükrü Haluk Akalın öz müəllifi olduğu Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş kitablardan ustad dərsdə fəallığı və çıxışları ilə fərqlənən BAAU-nun tələbələrinə hədiyyə edib. Ustad dərs xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Other news