- 29 Oct 2025
Bakı Avrasiya Universiteti (BAAU) və Ülkər Psixologiya Mərkəzinin birgə təşəbbüsü ilə “Biz birlikdə güclüyük” şüarı altında xərçəng xəstəliyinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi tələbələrin və gənclərin onkoloji xəstəliklər barədə məlumatlılığını artırmaq, sağlam həyat tərzinin təbliğini gücləndirmək və ictimai maarifləndirməyə dəstək vermək olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva layihənin əhəmiyyətindən bəhs edərək belə təşəbbüslərin gənclərin maariflənməsində və sosial məsuliyyət hissinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Ülkər Psixologiya Mərkəzinin rəhbəri Jalə Mirsaab çıxışında layihənin məqsədləri, həyata keçirilən maarifləndirmə işlərinin əhəmiyyəti barədə danışıb.
Daha sonra Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək cəmiyyətdə sağlam həyat tərzinin təşviqinin, xüsusilə də xərçəng xəstəliyi ilə mübarizədə maarifləndirmə fəaliyyətlərinin vacibliyini diqqətə çatdırıb.
Azərbaycan Tibb Universitetinin tədqiqatçı müəllimi, həkim-məsləhətçi Sədaqət Rəhimova erkən diaqnostikanın və profilaktik tədbirlərin insan həyatında oynadığı roldan danışıb.
Tədbirdə həmçinin Nərimanov Tibb Mərkəzinin fizioterapevti Asimə Ziyadxanqızı, akademik Yaşar İbadov, əməkdar müəllim Zülfiyyə Əliyeva və psixoloq Yeganə Cəfərova mövzunu tibbi, sosial və psixoloji aspektlərdən təhlil edərək tələbələrə faydalı məlumatlar və tövsiyələr veriblər.
Tədbir müddətində interaktiv müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb, xərçəng xəstəliyinə qarşı mübarizədə ictimai həmrəyliyin əhəmiyyəti xüsusi olaraq qeyd edilib.
Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.




