- 24 Sep 2025
Bakı Avrasiya Universitetində (BAAU) Türkiyənin Çankırı Karatekin Universitetindən gələn nümayəndə heyəti ilə görüş keçirilib.
Tədbirdə BAAU-nun rektoru, dosent Səyavuş Qasımov, eləcə də universitetin akademik və inzibati heyəti iştirak edib.
Görüşdə iki ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığın genişləndirilməsi, birgə elmi tədqiqatların təşviqi, tələbə və müəllim mübadiləsi proqramlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda gələcək əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək ortaq layihələr və təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Universitet rəhbərliyi qonaqları səmimi şəkildə qarşılayaraq təhsil və elmi fəaliyyət sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Çankırı Karatekin Universitetinin nümayəndələri isə BAAU-da mövcud tədris mühiti, infrastruktur və beynəlxalq əlaqələrin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Hər iki tərəf gələcəkdə birgə fəaliyyətlərin uğurla davam etdiriləcəyinə dair əminlik ifadə edib. Sonda Çankırı Karatekin Universitetinin əməkdaşlarına sertifikat və hədiyyələr təqdim olunub.