News

BAAU-da dayanıqlı inkişafa dair Respublika Elmi Konfransı keçirilib

BAAU-da dayanıqlı inkişafa dair Respublika Elmi Konfransı keçirilib
  • 04 Dec 2025

Bakı Avrasiya Universitetində (BAAU) “Dayanıqlı inkişafın milli prioritetləri: rəqabətqabiliyyətli iqtisadiyyat, sosial ədalətə əsaslanan cəmiyyət, müasir innovasiyalar və təmiz ətraf mühit” mövzusunda Respublika Elmi Konfransı keçirilib. 

Konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfrans, Azərbaycan Respublikasının dayanıqlı inkişaf strategiyası çərçivəsində elmi tədqiqatların inkişaf etdirilməsi, innovativ yanaşmaların elmi səviyyədə müzakirəsi və müasir çağırışlara uyğun həll modellərinin təqdim olunması məqsədi ilə təşkil olunub.

Konfransı giriş sözü ilə BAAU-nun Elmi işlər üzrə prorektoru, Prof. Gülzar İbrahimova açaraq onun elmi və praktik əhəmiyyətindən bəhs edərək, dayanıqlı inkişafın milli prioritetləri və onun cəmiyyət üçün yaratdığı imkanlara diqqət çəkib. Prof. Gülzar İbrahimova konfransın gedişatına uğurlar arzulayıb və konfrans tərtib olunmuş proqrama uyğun olaraq davam edib.  

Konfransın iştirakçıları sırasında BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Dos. Sevda Rzayeva, Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı Dos. Mütəllim Rəhimov, Sosial və siyasi fənlər kafedrasının müdiri Dos. Aybəniz Rüstəmova, İqtisadiyyat kafedrasının müdiri Dos. Nağıyeva Vüsalə və digər müəllimlər – tələbələr, həmçinin fərqli universitet və elmi-tədqiqat instutlarından qatılmış iştirakçılar elmi müzakirələrində fəal iştirak edərək dayanıqlı inkişafla bağlı elmi yanaşmaların əhəmiyyətini öz təqdimatları ilə çatdırmışdırlar.

Konfrans “Rəqəmsal iqtisadiyyat və inkişaf, “Qarabağın innovativ sosial-iqtisadi quruculuğu“, “Yeni dünya düzəni: ziddiyyətlərin və onların həlli perspektivləri“, “Biznes mühiti: problem və perspektivlər“ və “Dayanıqlı inkişaf və sosial ədalətin humanitar aspektləri“ adlı 5 bölmə üzrə öz işinə davam edib.

Fərqli təşkilatlardan qatılmış qonaq iştirakçılar sırasına daxil olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, Sosial Tədqiqtalar Mərkəzinin Media Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə İqtisad Kollecinin Tədris hissə müdiri İlham Abbasov və Elektron İmza Mərkəzinin rəhbəri Həbib Abbasov konfransda qeyd olunan mövzular ətrafında elmi çıxışlar ediblər və müzakirələr aparıblar. Məruzələrdə ölkənin sosial-iqtisadi inkişaf hədəflərinə uyğun olaraq dayanıqlı inkişafın müxtəlif istiqamətlərinə dair elmi yanaşmalar təqdim olunub.

Konfrans dayanıqlı inkişaf sahəsində aparılan elmi tədqiqatların geniş ictimaiyyətə təqdim olunması, müxtəlif elmi istiqamətlər üzrə fikir mübadiləsinin aparılması və tədqiqatçılar arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm elmi platforma kimi əhəmiyyət kəsb edib.

Other news