- 14 Nov 2025
Bakı Avrasiya Universitetində (BAAU) Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının və dosent Maral Yaqubovanın təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədi (DİM) 5 – gender bərabərliyinə nail olmaq, bütün qız və qadınları səlahiyyətləndirmək hədəfinə uyğun olaraq “Ədəbiyyatda və sənətdə qadın” mövzusunda elmi müzakirə keçirilib.
Tədbirdə BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva açılış nitqi ilə çıxış edərək müasir cəmiyyətdə qadının rolunun həm ədəbi, həm də mədəni sferada artan əhəmiyyətindən danışaraq müzakirənin aktuallığını vurğulayıb.
Daha sonra Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, fil.ü.e.d., prof. Elmira Məmmədova-Kekeç çıxış edərək qadın məsələsinin dünya və Azərbaycan ədəbiyyatındakı inkişaf mərhələlərindən söz açıb.
Müzakirə proqramı çərçivəsində ilk olaraq kafedranın dosenti Əfsanə Nağıyeva “Müharibə və qadın” mövzusunda məruzə edərək müharibə reallıqlarının bədii mətnlərdə qadın obrazının formalaşmasına təsirini təhlil edib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Şəhanə Əliyeva “Kinoda səsizlik: qadınların sükutu” adlı çıxışında kinoda qadın təcrübəsinin görünmə problemi və susdurulma mexanizmlərindən bəhs edib.
İnstitutun digər əməkdaşı Güntəkin Musayeva “Feminist ədəb tənqidi: mətnə feminist yanaşma” mövzusunda təqdimatla çıxış edərək feminist nəzəriyyənin müasir ədəbi tənqidə təsir istiqamətlərini izah edib.
Tədqiqatçı Aysel Qurbanova “Mədəni antropologiya: qadın davranışları və onun ədəbiyyatımızın fərqli mərhələlərində inikası” mövzulu məruzəsində qadın kimliyinin formalaşması və bədii ədəbiyyatda təcəssümü haqqında maraqlı nümunələr təqdim edib.
Tədbirdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Seyfəddin Altaylı da çıxış edərək qadın obrazının klassik və müasir ədəbiyyatdakı transformasiyası, həmçinin mədəniyyətlərarası müqayisədə qadın təmsilçiliyinin fərqləri haqqında fikirlərini bölüşüb.
Tədbirdə Filologiya fakültəsinin tələbələri Gülnar Şavəddinova və Fəridə Kərimli “90-cı illərdən sonra dünya ədəbiyyatında qadın” mövzusunda təqdimatla çıxış edib. Daha sonra Ruqiyyə Məhərrəmova “90-cı illərdən sonra Azərbaycan ədəbiyyatında qadın yazarlar” mövzusunda apardığı araşdırmanın nəticələrini bölüşüb.
Tədbir ümumi müzakirə ilə davam edib və iştirakçıların sualları cavablandırılıb.




