- 17 Nov 2025
Bakı Avrasiya Universitetində (BAAU) Filologiya fakültəsinin təşkilatçılığı ilə “Ədəbiyyatımıza və mətbuatımıza işıq tutanlar: Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Süleyman Sani Axundov və Üzeyir Hacıbəyli” mövzusunda elmi-praktik tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, fil.ü.e.d., prof. Elmira Məmmədova-Kekeç klassik ədəbi-mədəni irsimizin tədqiqi və tədrisi baxımından belə görüşlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Səadət Şıxıyeva “İmadəddin Nəsimi və Seyid Əzim Şirvani: ortaq ədəbi biçimlər” mövzusunda məruzə edərək klassik ədəbiyyatın ideya-bədii xüsusiyyətləri haqqında ətraflı məlumat verib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti Aygün Bağırova “Süleyman Sani Axundov və uşaq ədəbiyyatı”, dosent Mətanət Vahid isə “Seyid Əzim Şirvaninin irsinin tədqiq tarixi” mövzularında çıxış ediblər.
Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri Zəminə Rüstəmbəyli, Azərbaycan dili və dünya ədəbiyyatı kafedrasının dosenti Seyfəddin Altaylı təqdim edilən mövzular ətrafında fikirlərini bölüşərək müzakirələrə töhfə veriblər.
Tədbirdə BAAU-nun II kurs tələbəsi Zeynəb Ələkbərovanın “Həsən bəy Zərdabi – mətbuatımızın banisi” mövzusunda çıxış edib. Tələbənin çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə həmçinin BDU SABAH qruplarının tələbələri də iştirak ediblər. Nigar Məhərrəmli “Orta məktəb ədəbiyyat dərsliklərində S.S. Axundovun əsərləri” mövzusunda təqdimatla çıxış edib. Rufanə Qəhrəmanova və Xədicə İsmayılova isə Üzeyir Hacıbəylinin yaradıcılığının orta məktəb dərsliklərində tədrisi ilə bağlı təhlillərini təqdim ediblər.
Görüş ümumi fikir mübadiləsi ilə davam edib və iştirakçıların sualları cavablandırılıb.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib.




