- 28 Nov 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Elmi Şurasının növbəti iclası keçirilib. İclası universitetin rektoru, Elmi Şuranın sədri, dosent Səyavuş Qasımov açaraq gündəlikdə duran məsələlərin ali təhsil müəssisəsinin inkişaf strategiyası, tədris prosesinin keyfiyyəti və tələbə mühitinin təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Rektor tədris prosesinin davamlı olaraq yenilənməsi, beynəlxalq tələblərə uyğunlaşdırılması və keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb.
Elmi Şura iclasında Filologiya fakültəsinin dekanı dosent Salman Süleymanovun və Regionşünaslıq fakültəsinin dekanı dosent Mütəllim Rəhimovun fakültələrdə təhsilalanlar arasında tərbiyə işinin təşkili və həyata keçirilməsi vəziyyəti barədə hesabatları dinlənilib. Hesabatlarda Universitetdaxili nizam-intizam qaydaları və davranış normalarına əməl edilməsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, sosial-psixoloji mühitin səmərəliliyinin daha da artırılması və bu istiqamətdə mədəni və maarifləndirici fəaliyyətlərin genişləndirilməsi kimi məsələlər müzakirə edilib.
Universitetin mövcud təhsil proqramlarının monitorinqinin keçirilməsi barədə çıxış edən rektor, dosent Səyavuş Qasımov bu istiqamətdə plan üzrə nəzərdə tutulmuş məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. O, bildirib ki, monitorinq çərçivəsində təhsil proqramlarının aktuallığı, təhsil proqramı üzrə tətbiq olunan tədris metodları və üsullarının təlim nəticələri ilə uyğunluğu, zəruri kadr və infrastruktur təminatı, fənn proqramlarının strukturlaşdırılması və qiymətləndirmə mexanizmlərinin səmərəliliyi və digər əlaqəli sahələr üzrə geniş təhlillər aparılacaq. Monitorinqin nəticələri əsasında təhsil proqramlarının müasirləşdirilməsi, modul yanaşmasının genişləndirilməsi və tələbəyönümlü metodikanın gücləndirilməsi ilə bağlı fəaliyyətlər həyata keçiriləcək.
İclasda həmçinin universitetin keyfiyyət təminatı üzrə prioritet istiqamətləri və qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər müzakirə edilib.
Gündəlikdəki bütün məsələlər qarşılıqlı fikir mübadiləsi və müzakirəsi əsasında davam edib. Elmi Şura üzvlərinin təklif və tövsiyələri nəzərə alınaraq tədris və elmi fəaliyyətin inkişafı məqsədilə önəmli qərarlar qəbul edilib.




