News

BAAU-da “Ərazi bütövlüyünün işığında Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib

BAAU-da “Ərazi bütövlüyünün işığında Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib
  • 19 Nov 2025

Bakı Avrasiya Universitetində (BAAU) Filologiya fakültəsinin Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Konstitusiyası və Suverenlik ilinə həsr olunmuş “Ərazi bütövlüyünün işığında Azərbaycan dili” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə fakültənin professor-müəllim heyəti, eləcə də qonaq qismində Bakı şəhəri Xəzər rayonu İftixar Tağıyev adına 26 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kamil Səbzəliyev iştirak edib.

Dəyirmi masada açılış nitqi ilə çıxış edən Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəyli Azərbaycan dilinin tarixi inkişaf mərhələlərinə qısa nəzər salaraq, qloballaşan dövrdə dilimizin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə rolunun əhəmiyyətini vurğulayıb. O, xüsusilə Qarabağın işğaldan azad edilməsi nəticəsində bölgədəki toponimlərin öz tarixi və milli adlarına qaytarılmasının önəmindən bəhs edib və bu prosesdə Prezident İlham Əliyevin gördüyü işlərin əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra Nəzəri dilçilik və türk dilləri kafedrasının professoru Ədalət Tahirzadə Azərbaycan dilinin cəmiyyətin inkişafında oynadığı rolu, eləcə də onun müxtəlif sahələrdə istifadəsinin vacibliyini ətraflı şəkildə təqdim edib. Ədalət Tahirzadə həmçinin müasir dövrdə dilin qorunması və zənginləşdirilməsi üçün atılan addımlardan danışaraq, gənc nəsildə ana dilinə marağın artırılmasının əhəmiyyətini xüsusi qeyd edib.

Nəzəri dilçilik və türk dilləri kafedrasının dissertantı Aliyə Ələkbərova çıxış edərək, Qarabağ toponimləri ilə bağlı apardığı araşdırmanın nəticələrini iştirakçılara təqdim edib. Onun təqdimatı, xüsusilə milli yaddaşın qorunması və dilimizin tarixi zənginliyinin araşdırılması baxımından böyük maraq doğurub.

Ardınca Kamil Səbzəliyev çıxış edərək, orta məktəblərdə Azərbaycan dilinin tədrisinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, oxu və yazı bacarıqlarının inkişafı onların akademik uğuru və gələcək təhsil həyatında mühüm rola malikdir.

Kafedranın dosenti İlhamə Şıxıyeva çıxış edərək, Azərbaycan dilinin bütün ixtisaslarda tədrisinin vacibliyini vurğulayıb, eləcə də Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin müasir dövrdə tələbələrin peşəkar inkişafında oynadığı əhəmiyyətli rolunu qeyd edib.

Kafedranın baş müəllimi Həvva Zamirli isə Azərbaycan dilinin dövlətçilik, təhsil və ictimai həyatdakı əhəmiyyətindən danışaraq, dilimizin qorunması və tədrisində qarşıya qoyulan məqsədlərin uğurla həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbir interaktiv formada davam edib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

Other news