- 22 Oct 2025
Bakı Avrasiya Universitetinin (BAAU) rektoru, dosent Səyavuş Qasımov 2025/2026-cı tədris ilində qəbul olan I kursun qrup nümayəndələri ilə görüşlər keçirib.
Görüşün məqsədi təhsil prosesində tələbələrin qarşılaşdıqları çətinlikləri, təklif və gözləntilərini müzakirə etmək, eləcə də onların universitet həyatında daha fəal iştirakını təşviq etmək olub.
Rektor dos. Səyavuş Qasımov çıxışında bildirib ki, BAAU tədrisin keyfiyyətinə, tələbə yönümlü idarəetməyə və praktiki biliklərin artırılmasına daim önəm verir. O vurğulayıb ki, universitet müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı məqsədilə tədris proqramlarını davamlı şəkildə yeniləyir və bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.
Rektor qeyd edib ki, BAAU-da təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və elmi potensialın artırılması istiqamətində mühüm addımlar atılır. Universitetin Boloniya prinsiplərinə əsaslanan tədris modeli, tələbələr üçün yaradılan mübadilə və ikili diplom proqramları, həmçinin müasir infrastruktur imkanları bu istiqamətdə əhəmiyyətli rol oynayır.
Söhbət zamanı tələbələr universitetdəki akademik və sosial fəaliyyətlərlə bağlı öz müşahidə və təkliflərini bölüşüblər.
BAAU-nun rektoru tələbələrin təhsil və ictimai fəaliyyətdə aktiv iştirakının vacibliyini də xüsusilə vurğulayıb. Bunun üçün bütün lazımi şəraitin olduğunu və qarşıya çıxacaq hər hansı bir manenin aradan qaldırılacağını deyib. O, bu görüşlərin universitet-tələbə əlaqələrinin güclənməsi və birbaşa dialoq imkanlarını artıraraq tədris prosesinin daha səmərəli təşkili üçün mühüm addım olacağına inandığını bildirib.
Görüş sual-cavab formatında davam edib, tələbələrin təklifləri və gözləntiləri müzakirə olunub.
Sonda rektor tələbələrin təklif və gözləntiləri nəzərdən keçirilərək uyğun tədbirlərin görüləcəyini bildirib.




