- 27 Nov 2025
Bakı Avrasiya Universitetində (BAAU) “İnnovativ düşüncə və startap mədəniyyəti: Gənclər üçün yol xəritəsi” mövzusunda maarifləndirici seminar təşkil edilib. Seminar BAAU-nun Elm, innovasiya və doktorantura sektorunun təkilatçılığı ilə həyata keçirilib və əsas məqsəd tələbələrin müasir innovativ yanaşmalar, startap fəaliyyəti və qlobal trendlər barədə biliklərinin artırılması olub.
Seminarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) İnnovativ biznes inkubator mərkəzinin rəhbəri Rasim Abdullayev çıxış edərək qlobal rəqabət mühitində innovativ düşüncənin əhəmiyyətini, startap quruculuğunun əsas mərhələlərini və gənclər üçün tətbiq oluna bilən praktiki strategiyaları iştirakçıların diqqətinə çatdırıb. O, həmçinin ölkədə innovasiya ekosistemində müşahidə olunan inkişaf tendensiyaları haqqında məlumat verib və startap yaratmaq istəyən gənclər üçün effektiv yol xəritəsi təqdim edib.
Tədbir interaktiv şəkildə davam edib və iştirakçıların sualları cavablandırılıb.




