- 14 Jun 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Elm, innovasiya və doktorantura sektorunun təşkilatçılığı ilə “Layihələrin yazılması və idarə olunması” mövzusunda onlayn təlim keçirilib. Təlimin əsas məqsədi tələbələrin layihə yazmaq və idarəetmə bacarıqlarını artırmaqdır.
Təlim proqramı Bahadur Əlizadənin təqdimatı ilə başlayıb. O, layihələrdə testləşdirmə və risklərin idarə olunması mövzusunda çıxış edərək risklərin vaxtında aşkarlanması, qiymətləndirilməsi və effektiv idarə olunması üzrə praktik yanaşmaları iştirakçılarla bölüşüb. Bahadur Əlizadə testləşdirmənin layihənin keyfiyyətinə təsirini real nümunələrlə izah edib.
Növbəti sessiyada Fuad Cabbarov müasir layihə idarəetmə alətləri — Agile, Scrum və Kanban modelləri barədə təqdimatla çıxış edib. Tələbələrə bu metodların layihə proseslərinə inteqrasiyası və praktik tətbiqi haqqında geniş məlumat verilib.
Təlimin növbəti hissəsində Kamran Kazımlı rəqəmsal platformalar vasitəsilə layihələrin planlanması, icrası və monitorinqi mövzusuna toxunub. O, Trello, Asana və digər platformalar üzərində nümunələr təqdim edərək, layihə mərhələlərinin izlənməsi və monitorinqin nəticələrin keyfiyyətinə təsirindən danışıb.
Təlim interaktiv müzakirələrlə davam edib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.