- 25 Nov 2025
Bakı Avrasiya Universitetində (BAAU) “Qadın zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü” münasibətilə maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi zorakılığa qarşı ictimai həssaslığın artırılması, maarifləndirmə fəaliyyətlərinin gücləndirilməsi və tələbələrdə sosial məsuliyyətin formalaşdırılması olub.
Açılış nitqi ilə çıxış edən BAAU-nun Elmi işlər üzrə prorektoru, s.e.d., prof. Gülzar İbrahimova qadın zorakılığının qlobal miqyasda aktuallığını vurğulayaraq belə tədbirlərin cəmiyyətin bütün təbəqələri üçün əhəmiyyətini qeyd edib.
Daha sonra Ümumi fənlər kafedrasının müdiri, t.ü.f.d., dosent Sevil Bəhrəmova çıxış edərək universitetdə gender bərabərliyi, insan hüquqları və sosial maarifləndirmə istiqamətində həyata keçirilən davamlı layihələr barədə məlumat verib.
BAAU-nun Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Nərmin Nurullayeva isə universitetdə sözügedən mövzu və gördükləri işlərdən danışıb. O əlavə edib ki, gənclərin zorakılığa qarşı birgə mübarizəsi mövzusunda müxtəlif proqramlar və layihələr çərçivəsində BAAU TEC olaraq fəal iştirak edirlər. Tədbir çərçivəsində BAAU TEC tərəfindən hazırlanmış qısa video təqdim olunub və qadın zorakılığı mövzusunda slayd nümayiş etdirilib.
Tədbirin diqqətçəkən hissələrindən biri tələbələrin təşəbbüsü ilə hazırlanan “Məndə yoxdur” – Divarı (“I don’t have” Wall) layihəsi olub. İştirakçılar divar üzərində zorakılığa dair şəxsi mesajlarını, mövqelərini və çağırışlarını yazaraq kampaniyaya dəstək göstəriblər.




