- 25 Nov 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Sosial-siyasi fənlər kafedrasında 25 noyabr – Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə nümunəvi dərs təşkil olunub. Nümunəvi dərs Sosial və siyasi fənlər kafedrasının müəllimi, dosent Rəna Məmmədova tərəfindən keçirilib.
Nümunəvi dərs zamanı Sosial və siyasi fənlər kafedrasının müdiri, dosent Aybəniz Rüstəmova da iştirak edərək dərsin elmi-metodoloji əhəmiyyətini vurğulayıb və mövzunun aktuallığını qeyd edib.
Nümunəvi dərs çərçivəsində gender bərabərliyi, zorakılığın sosial-iqtisadi nəticələri, mövzunun qlobal və lokal səviyyədə tədqiqi istiqamətləri elmi metodologiya əsasında müzakirə edilib. Mövzuya dair hazırlanmış təqdimatların nümayişi həyata keçirilib, tələbələrin fəal iştirakı ilə geniş diskussiya aparılıb.
Dərs zamanı tələbələrin hazırladığı mövzunu əks etdirən qısa səhnəcik videosu nümayiş etdirilib, həmçinin plakatlardan istifadə olunmaqla maarifləndirici vizual təqdimatlar təqdim edilib. Eyni zamanda tələbələr mövzunun mahiyyətini əks etdirən şüarlar səsləndirib, şeir və musiqi nümunələri ifa edərək tədbirə bədii-emosional rəng qatıb.
Qeyd edək ki, tələbələr geyim seçimlərində 25 noyabr gününün beynəlxalq simvolik rəngləri olan narıncı və sarı tonlara üstünlük veriblər ki, bu da tədbirin tematik vahidliyinin qorunmasına töhfə verib.




