- 22 Feb 2025
Bakı Avrasiya Universitetində (BAAU) tələbələrin startap və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək məqsədilə həyata keçirilən "Mini-Startap Proqramı" uğurla davam edir. Proqram çərçivəsində ikinci təlim "Google Meet" platforması üzərindən onlayn formatda təşkil edilib.
"Divida Ventures" rəhbəri Mübariz Şahbazlının təqdimatında keçirilən təlim "Problem, Komanda, İdeya, İstifadəçi yönümlü yanaşma" mövzusuna həsr olunub və iştirakçılara startap ideyalarının formalaşdırılması və inkişafı üçün vacib biliklər verilib. Təlim zamanı iştirakçılar ideya seçimində istifadəçi ehtiyaclarının nəzərə alınmasının əhəmiyyəti, effektiv komanda quruculuğu və bazar problemlərinin müəyyən edilməsi barədə praktik biliklər əldə ediblər.
Qeyd edək ki, “Mini-Startap Proqramı”na müraciət edənlər içərisindən ən uyğun BAAU-nun 15 tələbəsi seçilərək 3 aylıq proqramda iştirak etmək haqqı qazanıb. Proqramı uğurla bitirən tələbələr sertifikatla təltif ediləcək və onlara BAAU-nun İnnovasiya sektoru tərəfindən mentorluq dəstəyi də göstəriləcək.