- 05 May 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “SDG Həftəsi” çərçivəsində “Bədii mətn və iqlim dəyişikliyi: Əziz Sultanın Kapsul Yaşıl dünya romanı” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə tanınmış yazıçı Əziz Sultan, Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva, Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Məmmədova-Kekeç tədbirin aktuallığını vurğulayaraq, ədəbiyyatın ekoloji problemlərin dərkindəki roluna diqqət çəkib.
Tədbir proqramına uyğun olaraq, kafedranın baş müəllimi Günel Şıxaliyeva çıxış edərək romandakı ekoloji motivlər və bədii mətnin iqlim dəyişikliyi kontekstində təhlili barədə geniş məlumat verib. Daha sonra Filologiya fakültəsinin tələbələri tərəfindən əsər ətrafında müzakirələr aparılıb.
Təqdimatla çıxış edən tələbələr arasında Ədəbiyyatşünaslıq (Avropa ədəbiyyatı) ixtisası üzrə I kurs magistrantı Gülşən Şabanova, İngilis dili və ədəbiyyatı ixtisası üzrə III kurs tələbəsi Sonya Qəribova, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə IV kurs tələbələri Bibixanım Səmədova, Kənan Nəzərov, Aytac Ədilova, Fatimə Süleymanova, Şəhanə Hacıyeva və digər tələbələr yer alıblar. Müzakirələr zamanı romanın insan və süni zəka, xeyir və şər, texnoloji inkişaf və təbiət qarşıdurması kimi tematik xəttləri tələbələr tərəfindən analitik yanaşma ilə şərh olunub.
Tədbirin sonunda yazıçı Əziz Sultan iştirakçıların suallarını cavablandırıb və görüşlə bağlı təəssüratlarını bölüşüb. Fəal iştirak edən tələbələrə və çıxışçılara təşəkkürnamələr təqdim olunub.