- 07 May 2025
BAAU-da BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) həftəsi çərçivəsində “Regionşünslıq və iqtisadiyyat” fakültəsinin “İqtisadiyyat” və “Humanitar fənlər və regionşünaslıq” kafedralarının birgə təşkilatçılığı ilə “Yoxsulluğun bütün formalarına hər yerdə son qoymaq” mövzusunda elmi seminar keçirilib. Tədbirdə BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva, “Regionşünslıq və iqtisadiyyat” fakültəsinin müəllim-professor heyəti, tələbələr və İtaliyanın İnsubria Universitetinin professoru Patrizia Gazzola iştirak edib.
Seminarı giriş sözü ilə “Regionşünslıq və iqtisadiyyat” fakültəsinin dekanı f.ü.f.d., dos. Mütəllim Rəhimov açaraq qonaqları salamladı və tədbirin məqsədi haqqında məlumat verdi.
BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva yoxsulluğun insanın qida, sığınacaq, təhsil, sağlamlıq və təhlükəsizlik kimi ehtiyaclarına əlçatımlılığını məhdudlaşdıran proses olduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı. O, yoxsulluğa son qoyulmasının hər bir insanın ləyaqətli həyat yaşamaq haqqının bərpa edilməsi olduğunu xüsusilə vurğuladı.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnkluziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva “Yoxsulluğun azaldılmasında sosial sahibkarlığın rolu” mövzusunda cəmiyyətin yoxsulluq, işsizlik, təhsil bərabərsizliyi, əlillik kimi sosial problemlər haqqında məruzə ilə çıxış etdi. O, sosial sahibkarlığın ənənəvi biznesdən fərqli tərəflərini seminar iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin digər qonağı sözügedən İnstitutunun “Xidmət sferasının iqtisadiyyatı” şöbəsinin müdiri, i.ü.f.d., dos. Pərviz Həsənov “Azərbaycanda həyat keyfiyyəti” mövzusunda çıxış edərək, 11 region üzrə həyat keyfiyyəti göstəricilərinin 7 sub-indeks əsasında maraqlı təhlilləri ilə seminar iştirakçılarını tanış etdi.
Tədbirin digər iştirakçıları BAAU-nun “Humanitar fənlər və regionşünaslıq” kafedrasının müəllimləri Məleykə Adıgözəlova “Dayanıqlı inkişaf Azərbaycanda yoxsulluğun ləğvi modeli” və Çimnaz İsmayılbəyli “Sosial rifah dövləti və sosial ədalətlilik” mövzularında çıxışlar etdilər.
Tədbirin sonunda “İqtisadiyyat” kafedrasının müdiri dos. Vüsalə Nağıyeva çıxış edərək gələn qonaqlara, məruzəçilərə və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.