News

BAAU-da “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” adlı tədbir keçirilib

BAAU-da “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” adlı tədbir keçirilib
  • 10 Oct 2025

Bakı Avrasiya Universitetində (BAAU) Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra açılış nitqi ilə çıxış edən universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva layihənin aktuallığını vurğulayaraq, Qərbi Azərbaycan mövzusunun elmi və ictimai müstəvidə təbliğinin əhəmiyyətindən bəhs edib.

Universitetin Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova isə çıxışında bu istiqamətdə keçirilən tədbirlərin gənc nəslin maarifləndirilməsi baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar layihənin məqsədi barədə məlumat verərək, Qərbi Azərbaycan məsələsinin tarixi, ədəbi və ictimai aspektlərinin türk dünyasında daha geniş auditoriyaya çatdırılmasının vacibliyini qeyd edib.

Layihənin eksperti, DGTYB-nin Məsləhət Şurasının sədri Əkbər Qoşalı isə çıxışında layihənin ideya istiqamətlərinə toxunub və türk xalqları arasında ortaq tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb.

Filologiya üzrə fəlsəfə doktoru Şəfahət Əliyev “1948–1953-cü illər arasında Qaraqoyunlu dərəsindən türklərin köçürülməsi” mövzusunda məruzə ilə çıxış edərək, həmin dövrdə baş verən deportasiya proseslərini tarixi mənbələr əsasında təhlil edib.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyev çıxışında məsələnin müasir sosioloji kontekstdə dəyərləndirilməsinin önəmini qeyd edib.

DGTYB-nin sədr müavini Ayşən Rəhim isə layihənin türk dünyasında elmi və ədəbi əməkdaşlığın inkişafına və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verdiyini bildirib.

Tədbir iştirakçılarla interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib.

Sonda xatirə şəkilləri çəkilib.

Other news