- 27 Nov 2025
Bakı Avrasiya Universitetinin (BAAU) İqtisadi araşdırmalar mərkəzinin təşkilatçılığı ilə “Well-being & Tourism” (Rifah və Turizm) mövzusunda vebinar keçirilib. Tədbirin məqsədi rifah göstəricilərinin turizm sənayesinə təsirinin araşdırılması və müasir iqtisadi trendlərin akademik müstəvidə müzakirə olunması olub.
Vebinarda BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva, İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Prof. Dr. Cem Işık və Dokuz Eylül Universitetinin nümayəndəsi Prof. Dr. Ebru Günlü məruzələrlə çıxış ediblər.
Prof. Dr. Cem Işık öz çıxışında rifah göstəricilərinin turizm sahəsində davranış modellərinə təsirindən bəhs edərək, sosial rifahın turizm sənayesinin formalaşmasında vacib rol oynadığını vurğulayıb.
Ardınca dos. Sevda Rzayeva rifah anlayışının qlobal iqtisadi tendensiyalarla əlaqələndirilməsinin əhəmiyyətini qeyd edərək, rifah–turizm münasibətlərinin regional inkişaf strategiyalarına təsirini diqqətə çatdırıb.
Daha sonra Prof. Dr. Ebru Günlü turizm sənayesində sosial rifahın artmasının davamlı turizm konsepsiyasına töhfə verdiyini bildirib və mövzu üzrə beynəlxalq yanaşmalardan qısa nümunələr paylaşıb.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Vebinarın sonunda sual-cavab sessiyası təşkil olunub və mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.




