- 26 Nov 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Yaşıl düşüncə” istiqamətində tələbələr üçün növbəti maarifləndirici ekskursiya təşkil edilib. Ekskursiya Zirə Eko Parkında təşkil olunub.
Ekskursiya zamanı tələbələr alternativ enerji, biomüxtəlifliyin qorunması və təbiətə uyğun infrastruktur barədə əyani məlumatlar əldə ediblər. Tələbələr parkda yerləşən ekoloji zonalar, enerji qurğuları və yaşıllaşdırma sahələri ilə tanış olaraq mütəxəssislərlə maraqlı və interaktiv müzakirələr ediblər.
Sözügedən tədbir zamanı BAAU TEC-in təşkilatçılığı ilə gənclərin ekoloji savadlılığının artırılması və dayanıqlı inkişafını hədəfləyən əməkdaşlıq imkanları, ortaq maarifləndirici proqramlar və layihələrin hazırlanması istiqamətində də müzakirələr aparılıb. Tədbir zamanı tələbələr həmçinin ekoloji problemlərin həlli, innovativ yaşıl yanaşmaların tətbiqi və davamlı cəmiyyət quruculuğunda gənclərin roluna dair fikir mübadiləsi də aparıblar.
Ekskursiya çərçivəsində tələbələrə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) sırasına daxil olan DİM 6 - Təmiz su və sanitariya, DİM 7 - Sərfəli və təmiz enerji, DİM 11 - Dayanıqlı şəhərlər və icmalar, DİM 12 - Məsuliyyətli istehlak və istehsal, DİM 13 - İqlim dəyişikliyinə qarşı mübarizə, DİM 14 - Dəniz ekosisteminin mühafizəsi və DİM 15 - Torpaq ekosisteminin mühafizəsi, o cümlədən ekoloji dəyərlərin təbliği, ətraf mühitə məsuliyyətli yanaşmanın gücləndirilməsi və ekoloji fəaliyyətlərin daha da intensivləşdirilməsinin vacibliyi çatdırılıb.




