News

BAAU-da “Zəfər sənə çox yaraşır, Azərbaycan!” adlı tədbir keçirilib

BAAU-da “Zəfər sənə çox yaraşır, Azərbaycan!” adlı tədbir keçirilib
  • 07 Nov 2025

Bakı Avrasiya Universitetində (BAAU) Filologiya fakültəsinin Nəzəri dilçilik və türk dilləri kafedrası Əcnəbi tələbələrlə iş mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər sənə çox yaraşır, Azərbaycan!” adlı tədbir keçirilib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Zəfər Gününün mənəvi əhəmiyyətini əks etdirən slayd təqdim olunub.

Tədbir BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva açılış nitqi ilə davam edib. O, 8 Noyabr Zəfər Gününün Azərbaycan xalqının milli qürurunu, birliyini və ordumuzun qüdrətini təcəssüm etdirdiyini bildirib. Ardınca Filologiya fakültəsinin dekanı, dosent Salman Süleymanov və Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov çıxış edərək Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasının vacibliyindən danışıblar.

Tədbirin bədii hissəsində universitetin tələbələri tərəfindən müxtəlif səhnələr, şeirlər və musiqi nömrələri təqdim olunub. Tələbə Səbinə Hüseynova “Zəfər Yolu”, Zemfira Hüseynli isə “Vətən” mövzusunda şeirləri səsləndiriblər. Tələbə Yusif Dadaşov vətənpərvərlik ruhunda mahnı ifa edib.

Daha sonra “Ana və Oğul – And” adlı səhnəcik ingilis dilində təqdim olunub. İştirakçılar Oruc Şükürov və Məlahət Şükürova səhnədə ana və oğulun Vətən uğrunda fədakarlığını və vətən sevgisini canlandırıblar. Ardınca “Əsgər” və “Zəfər” adlı rəqslər nümayiş etdirilib. Tələbə Aysel Vəliyeva “Bayraq” şeirini böyük ruh yüksəkliyi ilə səsləndirib, eləcə də tələbələr tərəfindən hazırlanan qısa tamaşa təqdim olunub.

Tədbirin xüsusi qonağı – BAAU-nun məzunu, Vətən müharibəsi qazisi Zülfüqar Novruzlu çıxış edərək müharibə xatirələrindən, döyüş yolundan və qazilərin göstərdiyi qəhrəmanlıqdan bəhs edib.

Tədbirin sonunda BAAU-da təhsil alan əcnəbi tələbələr Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik ediblər. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Other news