- 07 Nov 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, f.ü.f.d. Aytən Abbasova Türkiyənin Konya şəhərində IV “Balkanlarda Türkcənin Tədrisi və Türkologiya Simpoziumu – Köçün İzləri” adlı beynəlxalq simpoziumda iştirak edib.
Simpoziumun əsas məqsədi Balkanlarda ictimai elmlərin müxtəlif sahələrində, xüsusilə türk dilinin tədrisi və türkologiya sahəsində fəaliyyət göstərən alimləri bir araya gətirmək, köç prosesinin dil, ədəbiyyat, incəsənət və sosial həyata təsirlərini müzakirə etmək olub.
BAAU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, f.ü.f.d. Aytən Abbasova Balkan türk ədəbiyyatında “Balkanların əsrlik mədəniyyət çinarı”, “Gül şairi” kimi tanınan İlhami Eminlə bağlı “İlhami Eminin poeziyasında köç anlayışı və milli kimlik axtarışları” adlı elmi məqalə ilə çıxış edib. Məqalədə Balkanlardan Anadoluya uzanan köç prosesi təkcə fiziki yer dəyişikliyi kimi deyil, həm də mədəni kimliyin sınağı kimi təqdim olunub.
Tədbirdə 10 ölkədən dəvət olunan iştirakçılar tərəfindən 100-dən çox məruzə dinlənilib və elmi müzakirələr aparılıb.




