News

BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru beynəlxalq simpoziumda universiteti təmsil edib

BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru beynəlxalq simpoziumda universiteti təmsil edib
  • 25 Nov 2025

Erzincan Binali Yıldırım Universitetinin Prof. Dr. Erdoğan Büyükkasap Konqres və Mədəniyyət Mərkəzində “Qədim Dəyərlərdən Modern Yanaşmalara: Türk Dünyasında Qadın və Ailə” mövzusunda beynəlxalq elmi simpozium keçirilib. Tədbirdə Bakı Avrasiya Universitetinin (BAAU) Beynəlxalq əlaqələr üzrə prorektoru Sevda Rzayeva, eləcə də türk dünyasının müxtəlif ölkələrindən alimlər, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, akademik mütəxəssislər və tələbələr iştirak ediblər.

Simpoziumun açılış mərasimində sabiq Baş nazir Binali Yıldırım, Türkiyə Respublikasının Səhiyyə naziri Kemal Memişoğlu, Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş, Erzincan millət vəkilləri Süleyman Karaman və Mustafa Sarıgül, Erzincan Bələdiyyə Başçısı Bekir Aksun, universitetin rektoru Prof. Dr. Akın Levent və digər rəsmi şəxslərlə yanaşı, BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Sevda Rzayeva çıxış ediblər.

Simpozium çərçivəsində prorektor dos. Sevda Rzayeva “Türk dillərində gender konsepti və onun məcazlarla ifadə vasitəsi” mövzusunda məruzə ilə çıxış edib. O, Türk dillərində qadın obrazının yalnız sosial status və ictimai rol kontekstində deyil, həm də mənəvi dəyər, kimlik və kollektiv yaddaşın formalaşdırıcısı kimi mühüm yer tutduğunu vurğulayıb. Məruzədə dil vahidlərinin - söz seçimi, ifadə formaları, ədəbi mətnlər və məcazi konstruksiyaların - bu dəyəri necə əks etdirdiyi konkret nümunələr əsasında təhlil olunub.

Açılış nitqlərindən sonra proqram Prof. Mehmet Kavukçunun “Şiddətə Hayır” mövzusunda performans işi ilə davam edib. Ardınca Erzincan Valiliyi tərəfindən Semiha Yıldırım adına hazırlanan qısa film nümayiş olunub və xüsusi bəratın, həmçinin ənənəvi kaftanın təqdim edilməsi mərasimin yaddaqalan məqamlarından biri olub. Rəsmi hissə xatirə fotosu ilə yekunlaşıb və simpoziumun ilk elmi sessiyasına start verilib.

Simpozium çərçivəsində BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Sevda Rzayeva TRT Erzurum Radiosuna müsahibə verib. O, Azərbaycanlı qadın olaraq Türk dünyasında qadınların elm, mədəniyyət və ictimai inkişaf proseslərində daşıdıqları tarixi və müasir roldan bəhs etməyin xüsusi önəm daşıdığını qeyd edib və göstərilən dəvət və diqqətə görə TRT Erzurum radiosuna təşəkkürünü bildirib.

Simpozium Türk dünyasında qadın və ailə mövzusunun elmi, mədəni və sosial aspektlərinin müzakirəsinə geniş imkan yaradaraq iştirakçı ölkələr arasında akademik əməkdaşlığın güclənməsinə mühüm töhfə verib.

Other news