News

BAAU-nun kollektivi şəhid Anar İsgəndərovun məzarını və ailəsini ziyarət ediblər

BAAU-nun kollektivi şəhid Anar İsgəndərovun məzarını və ailəsini ziyarət ediblər
  • 07 Nov 2024

2024-cü il noyabrın 6-da Bakı Avrasiya Universitetinin (BAAU) rəhbərliyi və bir qrup tələbəsi bu ali təhsil müəssisəsinin 44 günlük Vətən Müharibəsində şəhid olmuş tələbəsi İsgəndərov Anar Vahid oğlunun məzarını və ailəsini ziyarət ediblər. Onlar ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin məzarları önünə gül dəstələri düzüb, dualar oxuyublar.
Sonra şəhidin ailəsi ziyarət olunub. Görüş zamanı şəhid Anar İsgəndərovun ailə üzvləri ilə söhbət edilib, onların dərdini paylaşaraq təsəlli verilib. Bu gün ərazi bütövlüyü təmin olunmuş dövlət və qalib xalqın nümayəndəsi kimi qürur hissi ilə yaşamağımızı Anar İsgəndərovun timsalında bütün şəhidlərimizə və qazilərimizə borclu olduğumuz bildirilib. BAAU-nun bütün şəhid tələbə və məzunlarının əziz xatirəsinin daim yad edildiyini diqqətə çatdıran universitet nümayəndələri onlara Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyib.
Şəhid Anar İsgəndərovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər. Onlar övladlarının xatirəsinin əziz tutulmasının, onun və digər şəhidlərimizin vətən uğrunda göstərdikləri şücaətin unudulmadığının, daim dəyərləndirildiyinin onlar üçün böyük təsəlli və qürur mənbəyi olduğunu qeyd ediblər.
Qeyd edək ki, Anar İsgəndərov 2001-ci il avqustun 29-da Rusiya Federasiyasının Moskva şəhərində dünyaya göz açmışdır. 2018-ci ildə BAAU-nun Regionşünaslıq və İqtisadiyyat fakültəsinin “İqtisadiyyat” ixtisasına daxil olmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalı altında olan torpaqların azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası məqsədilə başladığı İkinci Qarabağ müharibəsinə qoşulub. O, Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən ağır döyüşlərdə iştirak edib və oktyabrın 10-da Cəbrayıl rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Anar İsgəndərov ölümündən sonra “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.

BAAU-nun kollektivi şəhid Anar İsgəndərovun məzarını və ailəsini ziyarət ediblər

Other news