- 04 Jun 2025
Şimali Kiprin paytaxtı Lefkoşada “Təhsil, Mədəniyyət və Sahibkarlıq” mövzusunda Türk Qadın Parlamentarilərinin Birinci Zirvə Sammiti keçirilib. 9 ölkədən 41 nəfərin iştirak etdiyi beynəlxalq tədbirdə Bakı Avrasiya Universitetinin (BAAU) Elm işləri üzrə prorektoru, professor Gülzar İbrahimova da iştirak edib.
Sammit zamanı Şimali Kipr Türk Respublikasının Milli Məclisində baş tutan açılış mərasimində Azərbaycan Milli Məclisinin deputatı, TÜRKPA Qadın Parlamentarilər Qrupunun sədri Tamam Cəfərova, Türkiyə Böyük Millət Məclisinin Ankara millət vəkili, TÜRKPA Qadın Qrupunun III dövr sədri Zeynəb Yıldız, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Türkiyə Milli Təhsil nazirinin müavini Celile Eren Ökten və ŞKTR Məclisinin baş katibi Seral Fırat çıxış ediblər.
Zirvə Sammiti “Təhsil”, “Mədəniyyət” və “Sahibkarlıq” adlı üç panel çərçivəsində davam edib. Panel müzakirələrində müxtəlif türk dilli ölkələrdən olan parlamentarilər və alimlər çıxış edərək fikir və təcrübə mübadiləsi aparıblar.
BAAU-nun prorektoru, professor Gülzar İbrahimova tədbirdə çıxışı zamanı Türk dünyasının qadın parlamentarilərinin bu formatda bir araya gəlməsini tarixi hadisə kimi dəyərləndirib. O, təhsil, mədəniyyət və sahibkarlıq sahələrində müzakirə edilən məsələlərin gələcəkdə reallaşdırılacaq mühüm layihələrin əsasını təşkil edə biləcəyini vurğulayıb.
Çıxışında ailə institutunun zəifləməsi, nikahların pozulması, türkdilli xalqlar arasında ortaq ünsiyyət problemi, eləcə də ana vətənlərində yaşayıb digər dövlətlərin tərkibində olan türkdilli icmaların qarşılaşdığı çətinliklərə diqqət çəkən professor Gülzar İbrahimova bu məsələlərin həlli ilə bağlı təkliflərini səsləndirib. O, Zirvə Sammitinin Türk dünyasında birliyin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirin növbəti günündə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Naziri Tahsin Ertuğruloğlu, Milli Məclis Sədri Ziya Öztürkler və Prezident Ersin Tatar Türk Dövlətləri Parlament Assambleyasının qadın nümayəndə heyəti üzvlərini qəbul ediblər.