- 17 Oct 2025
“Təhsil diplomatiyanın körpüsü kimi: Özbəkistan-Azərbaycan akademik və mədəni əməkdaşlığının 30 illiyi” mövzusunda III Özbəkistan-Azərbaycan Təhsil, Elm və İnnovasiyalar Akademik Forumu keçirilib.
Tədbir Özbəkistan və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi, Azərbaycanın Müstəqilliyinin Bərpası Günü və Özbək dilinin dövlət dili kimi qəbul edilməsinin ildönümü münasibətilə təşkil olunub.
Forumda hər iki ölkədən elm və təhsil nümayəndələri, rektorlar və alimlər iştirak ediblər. Çıxışlarda təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi mübadilələrin artırılması və gənclərin intellektual potensialının inkişafı vurğulanıb.
Tədbirdə təhsil, diplomatiya, tarix və mədəniyyət mövzularında məruzələr təqdim olunub. Forumda çıxış edən Özbəkistan Ali Məclisi Senatının Elm, təhsil və səhiyyə məsələləri komitəsinin sədri Baxrom Abdullayev və Cizak Dövlət Pedaqoji Universitetinin rektoru Maksudcon Yuldaşev təhsil sahəsində əməkdaşlığın xalqlar arasında dostluq və strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıblar.
Bakı Avrasiya Universitetinin (BAAU) rektoru, dosent Səyavuş Qasımov da sözügedən forumda iştirak edib. Rektor çıxışında Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlığın elmi inteqrasiyanın və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini, həmçinin bu əməkdaşlığın regionun intellektual inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Forumun sonunda iki ölkənin alimləri və təhsil mütəxəssisləri gələcək birgə təşəbbüslər və layihələr istiqamətində fikir mübadiləsi aparıblar.




