News

BAAU-nun tələbələri üçün 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə maarifləndirici ekskursiya təşkil olunub

BAAU-nun tələbələri üçün 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə maarifləndirici ekskursiya təşkil olunub
  • 19 May 2025

18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə “Regionşünaslıq və iqtisadiyyat” fakultəsinin “Humanitar fənlər və regionşünaslıq” kafedrasının müəllimi Aygün Miriyevanın təşəbbüsü və rəhbərliyi ilə “Beynəlxalq münasibətlər” ixtisasında təhsil alan əcnəbi tələbələr və “Regionşünaslıq” ixtisasının Azərbaycanlı tələbələri üçün ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi tələbələrin Azərbaycan tarixi, mədəniyyəti və dövlətçilik ənənələri ilə daha yaxından tanış olmalarını təmin etmək və onların dünyagörüşünü artırmaq olub.

Ekskursiya çərçivəsində tələbələr əvvəlcə Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər və Azərbaycanın ən qədim dövrlərdən müasir dövrədək keçdiyi tarixi mərhələləri əhatə edən zəngin eksponatlarla tanış olublar. Muzeyin eksponatları içərisində arxeoloji tapıntılar, qədim silahlar, milli geyimlər və sənət nümunələri tələbələr tərəfindən xüsusi maraqla qarşılanıb.

Tələbələr ekskursiya zamanı Azərbaycan İstiqlal Muzeyində də olublar. Burada onlar Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 1918–1920-ci illərdəki müstəqillik dövrü, sovet işğalı və Azərbaycanın yenidən müstəqillik qazanması ilə bağlı tarixi faktlarla tanış olublar. Muzeyin ekspozisiyası tələbələrdə müstəqillik və vətənpərvərlik hisslərinin formalaşmasına töhfə verib.

Sonda tələbələr Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə baş çəkiblər. Bu muzeydə milli musiqi alətləri, tanınmış bəstəkarların həyat və yaradıcılığını əks etdirən materiallar nümayiş etdirilib. Tələbələr muğam sənəti, xalq musiqisi və klassik Azərbaycan musiqisi barədə maraqlı məlumatlar əldə ediblər.

Tələbələr ekskursiyanı böyük maraq və məmnuniyyətlə qarşılayıblar.

Other news