News

BAAU-nun tərəfdaşlığı ilə Türkiyədə XII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirildi

BAAU-nun tərəfdaşlığı ilə Türkiyədə XII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirildi
  • 23 May 2025

Türkiyənin Niğde Ömər Halisdemir Universitetinin ev sahibliyi ilə Bakı Avrasiya Universiteti və Qazax Milli Qızlar Pedaqoji Universitetinin birgə əməkdaşlığı ilə “Türk Dövlətləri arasında Ali Təhsil Sahəsində Əməkdaşlıq” mövzusunda təşkil olunan “XII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu”nun və 2-ci Beynəlxalq Ar-Ge Layihə Yarışmasının açılış mərasimi keçirilib.

Simpoziumun açılış mərasiminə BAAU-nun rektoru dosent Səyavuş Qasımov, Niğde Ömer Halisdemir Universitetinin rektoru prof. dr. Hasan Uslu, Niğde Bələdiyyə Başçısı Emrah Özdemir, Qazax Milli Qızlar Pedaqoji Universitetinin rektoru prof. dr. Gülmira Qanay, Qaqauzları təmsil edən Moldova Respublikasının Komrat Dövlət Universitetinin rektoru dr. Sergey Zaharia, TÜBİTAK-ın sədr müavini dr. Həsən Səlcuq Selek, simpoziumda məruzə təqdim edən tədqiqatçılar və müxtəlif türk dövlətlərini təmsil edən akademik heyət və çox sayda tələbə iştirak edib.

Azərbaycan, Qazaxıstan və Türkiyənin himnlərinin səsləndirilməsi ilə başlayan Simpozium, rektorların açılış nitqləri ilə davam edib. Daha sonra “Kökümüz bir, türkük” festivalı başlayıb və tamaşaçılara türk xalqlarının musiqisini və mahnılarını çatdıraraq coşğulu anlar yaşadıb. Festivaldan sonra panel iclaslarına start verilib və tədqiqatçılar öz məruzələrini təqdim ediblər.

İlk dəfə 2014-cü ildə təşkil olunan simpoziumda bu il Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, İran və Moldovadan 400-ə yaxın alim və tədqiqatçı 277 elmi məqalə təqdim edib. 

Simpozium çərçivəsində 2-ci Beynəlxalq Ar-Ge Layihə Yarışmasına isə 61 layihə təqdim olunub. Türkiyə, Qazaxıstan və Azərbaycandan altı fərqli universitetin qatıldığı yarışmaya təqdim edilən layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaq.

Simpoziumda açılış nitqi ilə çıxış edən BAAU-nun rektoru Səyavuş Qasımov türk dünyasının tarix boyu geniş coğrafiyada mədəniyyətin, dövlətçilik ənənəsinin, elmi və ictimai tərəqqinin daşıyıcısı olduğunu bildirdi. O, dedi ki, Orta Asiyadan Anadoluya, Qafqazdan Balkanlara qədər uzanan bu geniş məkanda yaşayan türk xalqları ortaq dil, din, tarix və mənəvi dəyərlərlə bir-birinə bağlıdır. Bu mənəvi bağların elmi əsasda araşdırılması, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi isə milli və strateji əhəmiyyət daşıyır.

BAAU-nun rektoru həmçinin dedi ki, bu gün biz Türk xalqlarının inkişafını onların arasında dildə, fikirdə, işdə birlikdə görən İsmayıl bəy Qaspıralının amalını elm və təhsil sahəsində əməkdaşlığımızla zənginləşdiririk. Elm adamlarımız gücün elmdə olduğu bir dönəmdə dünya birliyinə öz birgə fəaliyyətləri ilə daha böyük töhfə verə bilərlər. Xoşdur ki, həmin birlik nəzəri tədqiqatlarda, əməli əməkdaşlıq və praktiki davranışlarda da əksini tapmaqdadır. Hər il davamlı olaraq təşkil edilən Simpoziumda türk dünyasının elm adamları müasir biliyin müxtəlif sahələrinə dair yeni araşdırmalarının nəticələri barədə məruzə edir, müzakirələr aparırlar. Bütün bu məruzələrin kitab şəklində nəşr edilərək yayılması birləşmə prosesinin sonrakı dövrləri üçün mühüm istinad mənbələrinə çevrilir. 

S.Qasımov sonda Simpoziuma ev sahibliyi edən Niğde Ömər Halisdəmir Universitetinin rektoruna, inzibati və professor-müəllim heyətinə, dəstək olan qurumlara təşəkkürünü çatdırdı. 

Other news