- 05 Dec 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Sosial və siyasi fənlər kafedrasının təşkilatçılığı ilə “Regionşünaslıq” və “Beynəlxalq münasibətlər” ixtisaslarının IV kurs tələbələrinin Zəfər Muzeyinə maarifləndirici ekskursiyası təşkil olunub. Ekskursiya universitetin müəllimləri Pərinaz Sadıqlı və Aygün İsmayılovanın rəhbərliyi ilə baş tutub.
Ekskursiyanın əsas məqsədi tələbələrdə milli-mənəvi dəyərlərə hörmət və bağlılıq hissinin gücləndirilməsi, vətənpərvərlik təlim-tərbiyəsinin dəstəklənməsi, eləcə də Vətən müharibəsi ilə bağlı tarixi faktların sistemli şəkildə öyrənilməsinə şərait yaratmaqdan ibarət olub.
Ziyarət zamanı tələbələrə Azərbaycanın müasir hərb tarixi, 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, həmçinin müharibə iştirakçılarının göstərdiyi qəhrəmanlıq nümunələri barədə ətraflı məlumat təqdim edilib. Muzeydə sərgilənən interaktiv ekspozisiyalar – döyüş xronikaları, hərbi uniforma və avadanlıq nümunələri, texnika maketləri və rəqəmsal məlumat panelləri tələbələrin diqqətinə çatdırılıb.
Tələbələr ziyarət çərçivəsində muzey bələdçilərindən Vətən müharibəsinin gedişi, strateji əməliyyatların mahiyyəti, şəhid və qazilərimizin göstərdikləri fədakarlıq və igidlik nümunələri haqqında geniş məlumat əldə ediblər.
Ekskursiya tələbələrin tarixi yaddaşının zənginləşdirilməsi, ölkənin hərbi-siyasi tarixinin dərindən dərk olunması və Azərbaycan Ordusunun qəhrəmanlıq ənənələrinin gənc nəslə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.




