News

BAAU və İATM arasında əməkdaşlıq imkanları müzakirə edilib

BAAU və İATM arasında əməkdaşlıq imkanları müzakirə edilib
  • 27 Nov 2025

Bakı Avrasiya Universitetində (BAAU) Karyera və təlim mərkəzi, İqtisadiyyat kafedrası və “İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İATM)” MMC-nin rəhbərliyi arasında əməkdaşlıq imkanlarının müzakirəsi təşkil olunub. Görüşdə BAAU-nun rektorunun köməkçisi Arif Nəcimov, Karyera və təlim mərkəzinin müdiri Natiq Xəlilov və əməkdaşı Aydan Xankişiyeva, İqtisadiyyat kafedrasının müdiri, dosent Vüsalə Nağıyeva, Baş mühasib Elşən Hümmətov, “İATM” MMC-nin direktoru Radil Fətullayev, Karyera mərkəzinin rəhbəri Nail Mikayılov və Marketinq meneceri Arif İsgəndərovun iştirak edib. 

Görüş zamanı BAAU haqqında ətraflı məlumat “İATM” MMC-nin rəhbərliyinə çatdırılıb. “İATM” MMC haqqında ətraflı məlumatı isə şirkətin rəhbəri Radil Fətullayev təqdim edib. O, şirkətlərinin digər şirkətlərdən əsas fərqini gördükləri işlər, icra etdikləri təhsil proqramları və layihələri nümunəsində çatdırıb. R.Fətullayev əlavə edib ki, şirkət mühasib və maliyyəçi kimi çalışan və eyni zamanda biliklərini paylaşmaq həvəsi olan yüksək pedaqoji qabiliyyətə sahib müəllim (təlimçi) komandasına malik olması, həmçinin tələbələr üçün asan anlaşılan tədris vəsaitləri hazırlayaraq tədrisi praktiki şəkildə təşkil edən, ölkəmiz müstəqillik qazandıqdan sonra ilk dəfə yerli tələbata uyğun mühasiblərin hazırlanması üçün milli sertifikasiya sistemini formalaşdıraraq imtahanlar keçirən və bunu mütəmadi olaraq təkmilləşdirərək həyata keçirməkdə ixtisaslaşmışdır.

Görüş zamanı tərəflər arasında elmi, pedaqoji və institusional əməkdaşlıq imkanlarının müzakirəsi və gələcəkdə birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, həmçinin BAAU-nun tələbələri üçün online kursların hazırlanması və tətbiqi, əmək bazarının tələblərinə uyğun seminar və təlim proqramlarının təşkili, universitet–sənaye (biznes) əlaqələrinin inkişaf etdirilməsi kimi məsələlər müzakirə olunub. 

Görüşün sonunda “İATM” MMC-nin rəhbəri BAAU-nun İqtisadiyyat kafedrasına maliyyə, mühasibat və vergi uçotu kimi tədris vəsaitləri hədiyyə edib.  

Other news