- 17 Oct 2025
Bakı Avrasiya Universiteti (BAAU) ilə ABŞ-da fəaliyyət göstərən Mədəniyyət və Təhsil İnstitutu (Chartered Culture and Education Institute) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənəd BAAU-nun rektoru, dosent Səyavuş Qasımov və Mədəniyyət və Təhsil İnstitutunun təsisçisi, idarə heyətinin sədri Vasif Eyvazzadə tərəfindən imzalanıb.
Memorandumun məqsədi iki qurum arasında qarşılıqlı əlaqələrin inkişafı, birgə elmi, akademik və mədəni layihələrin həyata keçirilməsi, eləcə də təhsil proqramlarının beynəlmiləlləşdirilməsinə dəstək göstərməkdir.
Sənədə əsasən, tərəflər tələbələrin karyera inkişafı və həyat dizaynı bacarıqlarının gücləndirilməsi, universitetin professor-müəllim və inzibati heyətinin peşəkar inkişafının dəstəklənməsi, həmçinin ABŞ universitetlərinin qabaqcıl institusional təcrübələrinin paylaşılması istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Əməkdaşlıq çərçivəsində CCEI-nin “Career and Life Design Lab” proqramının resurslarından istifadə imkanı yaradılacaq, bu istiqamətdə karyera planlaşdırılması, həyat dizaynı və məşğulluq bacarıqları üzrə təlim və seminarlar təşkil olunacaq.
Memorandum həmçinin universitetin strateji planlaşdırma, keyfiyyət təminatı və institusional inkişaf sahələrində ekspert və konsaltinq dəstəyini, eləcə də qlobal ali təhsil standartlarına uyğun mexanizmlərin qurulmasını nəzərdə tutur.
Bu əməkdaşlıq BAAU-nun beynəlxalq əlaqələr strategiyasının növbəti mühüm mərhələsini təşkil edir və universitetin təhsil, elm və mədəniyyət sahəsində qlobal inteqrasiyasına yeni imkanlar yaradır.




