News

Bakı Avrasiya Universiteti TÜRKÜNİB-ə üzv qəbul edilib

Bakı Avrasiya Universiteti TÜRKÜNİB-ə üzv qəbul edilib
  • 28 Oct 2025

Özbəkistan Respublikasının Daşkənd şəhərində Daşkənd Beynəlxalq Universitetinin ev sahibliyi ilə Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 8-ci Baş Assambleyasının iclası 15 oktyabr 2025-ci il tarixində keçirilib. Beynəlxalq tədbirdə türk dövlətlərində fəaliyyət göstərən 70-dən çox universitetin rektoru və rəhbər heyəti iştirak edib. Toplantıda təhsil, elm və innovasiya sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul olunub. 

Assambleyanın 8-ci iclasında ümumilikdə 62 ali təhsil müəssisəsi, o cümlədən Azərbaycanın 13 universiteti TÜRKÜNİB-ə yeni üzv kimi qəbul olunub. Yeni üzvlər sırasında Bakı Avrasiya Universiteti (BAAU) də yer alıb.

Assambleya çərçivəsində TÜRKÜNİB-in fəaliyyətinin daha da səmərəli təşkili məqsədilə dаimi katibliyin və ORHUN mübadilə proqramı fondunun yaradılması təklif olunub.

Tədbirdə üzv universitetlər arasında elm və təhsil sahəsində birgə proqramların uyğunlaşdırılması, tələbə və müəllim mübadilələrinin genişləndirilməsi, eləcə də ortaq elmi layihələr, konfranslar və mədəni tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bakı Avrasiya Universitetinin TÜRKÜNİB ailəsinə qoşulması, universitetin beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və türk dünyası universitetləri arasında inteqrasiyanın dərinləşməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Əlavə olaraq onu da bildirək ki, TÜRKÜNİB-ə üzv kimi qəbul olan universitetlər Orhun Mübadilə Proqramından da faydalanmaq imkanı əldə edirlər. Orhun Mübadilə Proqramı türk dövlətləri arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi, tələbə və akademik heyətin qarşılıqlı mübadiləsini təşviq etmək üçün yaradılmış beynəlxalq bir platformadır. Proqramın əsas məqsədi gənc nəslin, alim və mütəxəssislərin türk dünyasının ortaq dəyərləri əsasında yetişməsini təmin etməkdir. 

Müasir dünyada inteqrasiya proseslərinin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini nəzərə alaraq, Orhun Mübadilə Proqramı BAAU-nun professor-müəllim heyəti və tələbələri üçün də yeni imkanlar və perspektivlər açır. 

Bakı Avrasiya Universiteti TÜRKÜNİB-ə üzv qəbul edilib

Other news