- 15 Sep 2025
15 sentyabr 2025-ci il tarixində Bakı Avrasiya Universitetində (BAAU) yeni 2025/2026-cı tədris ilinin başlanması və Bilik Günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Universitetin rektoru, dosent Səyavuş Qasımov tədbiri açıq elan edərək professor-müəllim heyətini və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə və elmi fəaliyyətlərində uğurlar arzulayıb. Rektor çıxışında təhsilin keyfiyyətinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və universitetin strateji inkişaf istiqamətləri barədə də məlumat verib.
Rektor qeyd edib ki, 2025 ci il ölkəmiz üçün “Konstitusiya və Suverenlik İli” elan olunub və bu tədris ili xalqımız üçün mühüm əhəmiyyət daşıyır. Dos. Səyavuş Qasımov həmçinin vurğulayıb ki, bu il Vətən müharibəsində əldə olunmuş şanlı Zəfərin 5 illiyi tamam olur. O, Ümummilli Lider Heydər Əliyevin elm və təhsilə göstərdiyi dəyərin bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini, dövlətimizin başçısının gənclərə və ali təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının universitetin fəaliyyətində də özünü aydın şəkildə göstərdiyini qeyd edib.
Sonra söz 2025/2026-cı tədris ilində BAAU-ya yüksək balla qəbul olmuş Sosial iş ixtisasının tələbəsi Fatimə Sulxayevaya verildi. O, BAAU-ya yüksək balla qəbul olub tələbə adını qazandığına görə şad olduğunu, universitet rəhbərliyinin diqqətinə və ona təqdim olunan hədiyyəyə görə səmimi təşəkkürlərini bildirdi, həmçinin gələcəkdə yaxşı Sosial işçi kimi ölkəsinə xidmət edəcəyinə söz verdi.
Daha sonra universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva çıxış edərək yeni tədris ilində həyata keçiriləcək beynəlxalq layihələr və əməkdaşlıqlar haqqında danışıb, tələbələri bu imkanlardan yararlanmağa çağırıb.
Filologiya fakültəsinin dekanı dos. Salman Süleymanov və Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı dos. Mütəllim Rəhimov da çıxış edərək tələbələrə təhsildə müvəffəqiyyət və fəallıq arzulayıblar. Onlar fakültələrin yeni tədris planları və inkişaf perspektivləri barədə məlumat veriblər.
Tədbirin sonunda Karyera və Təlim Mərkəzinin rəhbəri Natiq Xəlilov tələbələrə universitetin karyera dəstəyi imkanları, təlim proqramları, Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC), müxtəlif tələbə klubları, əmək bazarına inteqrasiya istiqamətində atılan addımlar və tələbələrə dəstək olacaq digər struktur bölmələr haqqında ətraflı məlumat verib.