- 14 Nov 2025
Bakı Avrasiya Universitetində (BAAU) Karyera və Təlim mərkəzinin təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndələrinin iştirakı ilə tələbələr üçün maarifləndirici infosessiya təşkil edilib. Tədbirin əsas məqsədi tələbələri mərkəzin fəaliyyəti, həyata keçirilən layihə və proqramlar, eləcə də karyera inkişafı istiqamətində mövcud imkanlar barədə ətraflı məlumatlandırmaq olub.
İnfosessiyada GİKM-in Layihələrin və proqramların idarəedilməsi şöbəsinin müdiri Jalə Həsənova və həmin şöbənin baş mütəxəssisi Ramilə El-oğlu təqdimatla çıxış ediblər. Natiqlər mərkəzin icra etdikləri proqramlardan, həmçinin gənclərin şəxsi və peşəkar inkişafının dəstəklənməsi, karyera planlamasının təşkili, təcrübə və könüllülük fəaliyyətlərinin genişləndirilməsi istiqamətlərində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat veriblər.
Tədbir interaktiv şəkildə davam edib, tələbələrin sualları cavablandırılıb və mövzu üzrə müzakirələr aparılıb.
Sonda tərəflər arasında gənclərin inkişafına yönəlmiş birgə fəaliyyətlərin və əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.




