- 07 Nov 2025
Bakı Avrasiya Universitetində (BAAU) Filologiya fakültəsinin Tərcümə kafedrasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva Zəfər Gününün Azərbaycan tarixində əhəmiyyətindən bəhs edib. O, bu Qələbənin xalqımızın birliyinin, ordumuzun qüdrətinin və Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyinin nəticəsi olduğunu vurğulayıb.
Tədbir çərçivəsində “Qələbəyə gedən yollar” mövzusunda təqdimat nümayiş etdirilib. Ardınca “Şəhid Vurğun Həsənovun şəhadətə yüksəlməsi” adlı səhnəcik təqdim olunub. Səhnəcikdə tələbələr Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın igidliyini böyük emosional təsir gücü ilə canlandırıblar.
Tədbirin növbəti hissəsində tələbələr şəhidlərimizin həyat və döyüş yoluna həsr olunmuş çıxışlarla çıxış ediblər. Tələbələr tərəfindən şəhid Fərid Rüstəmov, şəhid Əli Həsənli və şəhid Yaqub Yaqubzadə haqqında məlumatlar təqdim olunub.
Daha sonra tədbir Azərbaycan Respublikasının milli rəqsi “Uzundərə” ilə davam edib. Rəqs ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda Zülfiyyə Xanbabayevanın “Azərbaycan” mahnısı ifa olunub.
Zəfər Gününə həsr olunmuş bu tədbir Azərbaycan xalqının qəhrəman övladlarının əziz xatirəsinə ehtiram ifadəsi olmaqla yanaşı, tələbələrdə vətənpərvərlik, azadlıq və milli birliyə sədaqət hisslərinin aşılanması məqsədilə təşkil olunub.




