News

Elmi Şuranın növbəti iclası keçirilib

Elmi Şuranın növbəti iclası keçirilib
  • 30 Jun 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Elmi Şurasının növbəti iclası keçirilib. Universitetin rektoru, dosent Səyavuş Qasımov iclasın gündəliyində duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.

Fakültə dekanları dosent Salman Süleymanov və dosent Mütəllim Rəhimov tədris planlarında nəzərdə tutulmuş ixtisas təcrübəsinin təşkili və keçirilməsi vəziyyəti ilə bağlı geniş hesabatla çıxış ediblər. Gələcək mərhələdə bu istiqamətdə görüləcək işlər barədə ətraflı məlumat verilib.

Layihələrin idarə edilməsi və akademik mobillik sektorunun müdiri Aygül Əhmədova sektorun 2024/2025-ci tədris ilində fəaliyyətinin nəticələri barədə hesabat verib, növbəti iş ilində qarşıda duran vəzifələr və perspektiv planlar barədə məlumatı Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.

Cari məsələlər çərçivəsində Riyaziyyat və İKT kafedrasının müdiri, i.ü.f.d., dosent Afət Həsənovaya elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq dosent elmi adının verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə məsələ müzakirə olunub.

Elmi Şura Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Humanitar fənlər və regionşünaslıq kafedrasında tədris işinin həcminin artması və fənn tərkibinin genişlənməsi ilə əlaqədar kafedranın bölünməsi və yeni kafedraların yaradılması ilə bağlı fakültə dekanı, dosent Mütəllim Rəhimovun vəsatətini müzakirə edib, kafedrada idarəetmənin optimallaşdırılması və səmərələliyinin artırılması ilə bağlı təklif və tövsiyələri dinləyib.

Gündəlikdəki bütün məsələlərin müzakirəsi qarşılıqlı fikir mübadiləsi və konstruktiv əməkdaşlıq şəraitində keçib. İclas iştirakçılarının təklif və tövsiyələri nəzərə alınaraq tədris və elmi fəaliyyətin inkişafı məqsədilə önəmli qərarlar qəbul edilib.

Other news