- 15 Feb 2026
Bakı Avrasiya Universitetinin (BAAU) tərəfdaşlığı və təşkilati dəstəyi ilə akt zalında İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) təşkilatçılığı ilə “Məsuliyyətli Mühasib” konsepsiyası üzrə "İATM Forum 2026" keçirilib. Forumda mühasibatlıq sahəsində peşəkarlığın gücləndirilməsi, beynəlxalq standartların tətbiqi və onun yerli təcrübəyə uyğunlaşdırılması, həmçinin mühasibatlığın gələcəyi ilə bağlı məsələlərin müzakirəsi olub.
Açılış nitqi ilə BAAU-nun rektoru, dosent Səyavuş Qasımov çıxış edib. O, çıxışında forumun təşkilatçılarını və tərəfdaşlarını, həmçinin bütün iştirakçıları salamlayıb. Rektor çıxışında müasir mühasibin rolunu, onun hüquqi, maliyyə və etik məsuliyyətlərini, həmçinin rəqəmsallaşma və texnologiyanın təsiri ilə mühasibatlıq peşəsi arasındakı əlaqənin uçotdan strateji qərarların əsaslandırılmasına doğru dəyişdiyinə diqqət çəkib. O, əlavə edib ki, müasir dövrdə təhsil, əmək bazarı və peşəkar icma arasında əlaqələri gücləndirərək məsuliyyətli mühasib konsepsiyasını formalaşdırmaq günümüzün tələbidir. Rektor çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.
Forumun təşkilatçısı və İATM-ın rəhbəri Radil Fətullayev öz çıxışı ilə BAAU-nun rəhbərliyinə tərəfdaşlıq və təşkilati dəstəyinə görə təşəkkür edib. O, çıxışında forumun məqsədi, konsepsiyası və panellər haqqında ətraflı məlumat verib.
Forum peşəkar moderator və spikerlərin iştirakı ilə “Mühasiblərin və mühasibat sahəsində çalışan təhsil ekspertlərinin etik və hüquqi məsuliyyəti”, “Mühasibatlıq sahəsində beynəlxalq təcrübə və onların ölkəmizə uyğunlaşdırılması yolları” və “Rəqəmsal mühasibatlığa keçid zamanı yarana biləcək məsuliyyətlər və özünü təkmilləşdirmə yolları” adlı 3 fərqli və aktual mövzuları özündə əks etdirən panel müzakirələrlə davam edib.
Əyani və onlayn formatda təşkil olunmuş forum 150 nəfərdən çox iştirakçılar tərəfindən maraqla qarşılanıb və aktiv müzakirələrlə davam edib. Forumun sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub və qrup fotosu çəkdirməklə yekunlaşıb.




