- 27 Mar 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikasında Elm Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri Ümumi fənlər kafedrasının müəllimi Azər Qasımov açaraq, ölkədə elmin inkişafına göstərilən dövlət qayğısından, elmi tədqiqatların cəmiyyətin tərəqqisindəki rolundan və gənclərin elmi fəaliyyətə cəlb edilməsinin əhəmiyyətindən danışıb. O, bildirib ki, müasir dövrdə elm yalnız bilik mənbəyi deyil, həm də innovasiyanın, davamlı inkişafın və rəqabətqabiliyyətli insan kapitalının formalaşmasının əsas amillərindən biridir.
Tədbirdə Ümumi fənlər kafedrasının müdiri, dosent Sevil Bəhrəmova və kafedranın müəllimi Ayşən Mustafazadə, eləcə də universitetin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycanda elmin inkişaf mərhələləri, elmi məktəblərin formalaşması, müasir dövrdə elmi tədqiqatların prioritet istiqamətləri, ali təhsil müəssisələrində elmi fəaliyyətin təşkili və gənc tədqiqatçıların hazırlanması məsələləri geniş müzakirə olunub. Vurğulanıb ki, elmi biliklərin istehsalı və tətbiqi ölkənin sosial-iqtisadi inkişafının, milli təhlükəsizliyinin və beynəlxalq rəqabət qabiliyyətinin təmin edilməsində mühüm rol oynayır. Çıxışında dosent Sevil Bəhrəmova elmə verilən dəyərin cəmiyyətin inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən biri olduğunu qeyd edib. O, tələbələri elmi araşdırmalarda fəal iştirak etməyə, tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməyə və innovativ düşüncə tərzini mənimsəməyə çağırıb.
Tədbir interaktiv müzakirələr formatında davam edib. Tələbələr elm və təhsilin qarşılıqlı əlaqəsi, müasir dövrdə süni intellekt, rəqəmsallaşma və innovativ texnologiyaların elmin inkişafına təsiri ilə bağlı fikir mübadiləsi aparıblar.
Tədbir tələbələrdə elmi dünyagörüşün formalaşmasına, tədqiqat mədəniyyətinin inkişafına və elmi fəaliyyətə marağın artırılmasına mühüm töhfə verib.




