- 18 Sep 2026
Bakı Avrasiya Universitetində (BAAU) Mərkəzi Asiyada regional əməkdaşlıq, Qazaxıstan - Azərbaycan münasibətləri və Çin amilinə həsr olunan seminar keçirilib. Seminar BAAU-nun Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Sosial və siyasi fənlər kafedrasının təşkilatçılığı ilə keçirilib. Seminarda Əl-Fərabi adına Qazax Milli Universitetinin Beynəlxalq münasibətlər və dünya iqtisadiyyatı kafedrasının dosenti Adilbek A. Yermekbayev iştirak edib.
Seminardan öncə qonaq BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva ilə görüşüb. Görüşdə BAAU ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında əməkdaşlıq imkanları, beynəlxalq əlaqələrin genişləndirilməsi, birgə elmi-tədqiqat və akademik mübadilə proqramları, həmçinin ortaq layihələrin hazırlanması və icrası barədə müzakirələr aparılıb.
Daha sonra Sosial və siyasi fənlər kafedrasında “Mərkəzi Asiyada regional əməkdaşlıq: Qazaxıstan - Azərbaycan münasibətləri və Çin amili” mövzusunda seminar keçirilib. Seminarda Mərkəzi Asiyada regional proseslərin dinamikası, Qazaxıstan - Azərbaycan münasibətlərinin inkişaf istiqamətləri, eləcə də Çinin regiondakı artan rolu və bunun regional əməkdaşlığa təsiri barədə ətraflı müzakirələr aparılıb.
İştirakçılar mövzu ilə bağlı suallarını qonağa ünvanlayıb, fikir və mülahizələrini bölüşüblər.




