- 25 Nov 2026
Bakı Avrasiya Universiteti (BAAU) və “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan və İraq türkman ədəbi-mədəni əlaqələri: sülh, həmrəylik və tərəfdaşlıq” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan və İraq türkmanları arasında tarixi ədəbi-mədəni əlaqələrin araşdırılması, ortaq dil, ədəbiyyat və folklor irsinin təbliği, sülh və həmrəylik dəyərlərinin təşviqi, eləcə də elmi-mədəni əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Məmmədova-Kekeç İraq-türkman ədəbiyyatının ümumtürk mədəni irsindəki yerindən danışıb. Azərbaycan bayatıları ilə İraq-türkman xoyratları arasındakı mənəvi və poetik yaxınlığa diqqət çəkən professor ədəbiyyatın xalqlar arasında sülhün, qarşılıqlı anlaşmanın və həmrəyliyin möhkəmləndirilməsindəki rolunu vurğulayıb.
“Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Səkinə Qaybalıyeva İraq türkmanlarının tarixi, dili və zəngin ədəbi-mədəni irsi haqqında məlumat verib, bu sahədə aparılan tədqiqatların əhəmiyyətindən bəhs edib.
Mərkəzin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Şəfəq Ağalarlı “İraq-türkman ədəbiyyatında sülh və mədəniyyətlərarası dialoq: ədəbi-mədəni tərəfdaşlıq perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. O, ədəbiyyatın mədəniyyətlərarası dialoqun inkişafında və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsindəki əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aytən Abbasova İraq-türkman şairlərinin yaradıcılığı, xüsusilə Salah Nörəsin poeziyası haqqında danışıb, şairin əsərlərindən nümunələr səsləndirib.
Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəyli və digər müəllimlər ortaq ədəbi-mədəni irsin öyrənilməsinin, bu istiqamətdə elmi tədqiqatların və əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Tədbir çərçivəsində tələbələrlə fikir mübadiləsi aparılıb, Azərbaycan və İraq türkmanları arasında ədəbi-mədəni əlaqələrin inkişaf perspektivləri ətrafında müzakirələr keçirilib.




