- 13 Feb 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamenti ilə Elm, İnnovasiya və Doktorantura sektorunun birgə təşkilatçılığı, Tərcümə kafedrasının baş müəllimi Elvin Abbasbəylinin moderatorluğu ilə “Translators and Interpreters in Conversation” adlı vebinar silsiləsi çərçivəsində “Interpreting in Europe and Beyond: Values, Professional Development, Accreditation” mövzusunda vebinar təşkil olunub. Sözügedən vebinar hər kəsə açıq və onlayn formatda google meet platforması üzərindən təşkil edilib. Vebinarda BAAU-nun və müxtəlif yerli, həmçinin xarici universitetlərin professor-müəllim heyəti, doktorantlar, magistrantlar, tələbələr, həmçinin sahə üzrə mütəxəssislər iştirak ediblər.
Vebinarın əsas məqsədi Avropa və digər regionlarda şifahi tərcümə sahəsində mövcud dəyərlər, peşəkar inkişaf imkanları və akkreditasiya prosesləri barədə iştirakçıları məlumatlandırmaq, eləcə də bu istiqamətdə beynəlxalq təcrübəni bölüşmək olub.
Vebinar BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayevanın açılış nitqi ilə başlayıb. O, vebinarın aktuallığını vurğulayıb, qloballaşan dünyada peşəkar tərcüməçilik fəaliyyətinin əhəmiyyətindən bəhs edib. Prorektor beynəlxalq əməkdaşlıq platformalarının genişləndirilməsinin tələbə və mütəxəssislər üçün yeni perspektivlər yaratdığını qeyd edib.
Vebinarın əsas qonağı konfrans tərcüməçisi, AIIC (Konfrans Tərcüməçilərinin Beynəlxalq Assosiasiyası) üzvü, spiker Levan Totosashvili olub. Qonaq çıxışında Avropada və digər ölkələrdə şifahi tərcümə fəaliyyətinin əsas prinsipləri, peşə etikası, davamlı peşəkar inkişaf mexanizmləri və akkreditasiya prosedurları haqqında ətraflı məlumat verib.
Vebinar çərçivəsində iştirakçıların sualları cavablandırılıb, sahə üzrə beynəlxalq standartlar və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Vebinar interaktiv formatda keçirilib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.




