News

“Azərbaycan ədəbiyyatşünaslığında türkoloji istiqamətlər” mövzusunda Respublika Konfransı keçirilib.

“Azərbaycan ədəbiyyatşünaslığında türkoloji istiqamətlər” mövzusunda Respublika Konfransı keçirilib.
  • 14 Apr 2026

Bakı Avrasiya Universitetində (BAAU) Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 22 oktyabr 2025-ci il sərəncamını rəhbər tutaraq Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatşünaslığında türkoloji istiqamətlər” mövzusunda Respublika Konfransı keçirilib. 

Konfransın əsas məqsədi Azərbaycan ədəbiyyatşünaslığında türkoloji istiqamətlərin inkişafını müzakirə etmək, bu sahədə aparılan elmi araşdırmaları təqdim etmək və Türk Dünyasının ədəbiyyatda izi və mövqeyi ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparmaq olub. 

Konfransda açılış nitqi ilə çıxış edən universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova bu ilin və tədbirin əhəmiyyətini vurğulayıb, bu cür elmi platformaların türkoloji tədqiqatların inkişafında mühüm rol oynadığını, Türkoloji Qurultayın həm türkologiya tarixi, həm də türk xalqlarının gələcəyi üçün dönüş nöqtəsi olduğunu qeyd edib. Daha sonra professor Gülzar İbrahimova Birinci Türkoloji Qurultayın elmi irsinin müasir dövrdə də aktuallığının qorunduğunu diqqətə çatdırıb. O bildirib ki, qloballaşma şəraitində milli-mədəni dəyərlərin qorunması və inkişaf etdirilməsi baxımından türkoloji tədqiqatların genişləndirilməsi və bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi zəruridir. 

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Məmmədova-Kekeç isə çıxışında türk xalqlarının zəngin ədəbi irsinin öyrənilməsinin əhəmiyyətindən geniş bəhs edərək klassik və müasir ədəbiyyat nümunələrinin müqayisəli təhlilinin elmi baxımdan mühüm nəticələr verdiyini vurğulayaraq, Azərbaycan ədəbiyyatşünaslığında Türk Dünyası ilə bağlı aparılan tədqiqatların elmi əsaslarının möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Daha sonra Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəyli çıxış edərək türk dillərinin tarixi inkişaf mərhələləri, onların qarşılıqlı əlaqələri və müasir dövrdə tədqiqi istiqamətləri barədə fikirlərini bölüşüb. Eyni zamanda BAAU-da Türkoloji Mərkəzin yaranması, tarixi və Azərbaycanda mühüm elmi mərkəz olması haqqında konfransın iştirakçılarına məlumat verib, təsisçi professor Nazim Hüseynlinin bu istiqamətdə fəaliyyətini nəzərə çatdırıb.

Ardınca, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimi fil.ü.f.d. Orxan İsayev türkoloji tədqiqatların müasir elmi mühitdəki yeri və perspektiv istiqamətləri barədə fikirlərini səsləndirib. O, klassik türk mənbələrinin, o cümlədən “Divanü lüğat-it-türk” kimi fundamental abidələrin yenidən araşdırılmasının vacibliyini vurğulayıb, müasir metodoloji yanaşmaların tətbiqinin əhəmiyyətini qeyd edib.  

Konfrans öz işinə plenar iclasla davam edib, ardınca isə bölmə iclasları keçirilib. Konfransda türkoloji fikrin müxtəlif istiqamətlərinə dair məruzələr təqdim olunub. Məruzələrdə klassik və müasir ədəbiyyatda türk kimliyi, folklor ənənələri, dastan yaradıcılığı, ədəbi əlaqələr və Türk Dünyasında ortaq motivlər geniş şəkildə müzakirə olunub.  

Konfrans çərçivəsində keçirilən bölmə iclasları müxtəlif tematik istiqamətləri əhatə edib, iştirakçılar arasında elmi diskussiyalar aparılıb və yeni tədqiqat perspektivləri müəyyənləşdirilib.  

Other news