News

BAAU-nun müəllimi Orhun Mübadilə Proqramı çərçivəsində Atatürk Universitetində olub

BAAU-nun müəllimi Orhun Mübadilə Proqramı çərçivəsində Atatürk Universitetində olub
  • 16 Oct 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Biznes və menecment kafedrasının müəllimi Vüqar Nərimanbəyli 12–16 oktyabr 2026-cı il tarixlərində Orhun Mübadilə Proqramı çərçivəsində Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetində akademik mübadilədə iştirak edib.

Səfər çərçivəsində Vüqar Nərimanbəyli Atatürk Universitetinin Turizm fakültəsində “Tədqiqat metodları” və “Mədəni irsin idarə edilməsi” fənləri üzrə dərslər keçib, müvafiq sahələrə dair nəzəri bilik və praktiki təcrübəsini tələbələrlə bölüşüb.

BAAU-nun müəllimi Atatürk Universitetinin Turizm fakültəsinin dekanı, professor Gökalp Nuri Selçuk, dekan müavinləri, professor Ahmet Çavuş və dosent Neslihan Serçeoğlu ilə görüşüb. Görüşlər zamanı BAAU-nun fəaliyyəti haqqında ətraflı məlumat verilib, akademik əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olunub.

Atatürk Universitetinin Beynəlxalq əlaqələr ofisinin koordinator müavini, dosent Oktay Yağız ilə keçirilən görüşdə isə iki universitet arasında akademik əlaqələrin genişləndirilməsi, müəllim və tələbə mübadiləsi, eləcə də birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

Qeyd edək ki, BAAU akademik mobilliyin genişləndirilməsini beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi qiymətləndirir. Professor-müəllim heyətinin Orhun Mübadilə Proqramında iştirakı akademik təcrübənin paylaşılmasına, elmi-pedaqoji əlaqələrin möhkəmləndirilməsinə və tərəfdaş universitetlərlə əməkdaşlığın inkişafına töhfə verir.

Other news