- 17 Mar 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə Azərbaycan tarixi fənni çərçivəsində “Azərbaycan XVIII əsrdə” mövzusunda inteqrativ dərs-tədbir təşkil olunub. Tədbirin təşkilində məqsəd tələbələrə həm XVIII əsrdə Azərbaycanın siyasi, sosial və mədəni həyatı, həmin dövrdə ölkədə baş verən ictimai-siyasi proseslər, xanlıqlar dövrünün xüsusiyyətləri və bu mərhələnin Azərbaycan tarixindəki əhəmiyyəti haqqında ətraflı məlumat vermək, həm də milli adət-ənənələrimizi gələcək nəsillərə ötürmək olub.
Tədbir Ümumi fənlər kafedrasının müdiri dosent Sevil Bəhrəmova tərəfindən interaktiv formada təşkil olunub. Dosent S.Bəhrəmova çıxışında qeyd edib ki, XVIII əsr Azərbaycan tarixində siyasi parçalanmalar dövrü kimi xarakterizə olunsa da, xalqımız öz milli kimliyini, adət-ənənələrini və mədəni irsini qoruyub saxlaya bilmişdir. Xanlıqlar dövründə xalqın gündəlik həyatı, mərasimləri, ailə dəyərləri və folkloru milli ruhun yaşadılmasında mühüm rol oynamışdır. Bu dövrdə Novruz bayramı, toy və yas mərasimləri kimi ənənələr qorunmuş, xalq yaradıcılığı (aşıq sənəti, dastanlar) inkişaf etmiş, milli geyimlər və məişət mədəniyyəti nəsildən-nəslə ötürülmüşdür.
Tədbirdə iştirak edən kafedranın dosenti Vüsalə Həsənova və müəllim Ayşən Mustafazadə də mövzu ətraflında çıxış ediblər.
Tədbir təqdim olunan mövzu çərçivəsində tələbələrin iştirakı ilə müzakirələr və qrup işlərinin təşkil edilməsi, həmçinin onların maraqlı təqdimatları ilə davam edib. Tələbələrin fəallığını daha da artırmaq üçün mövzu ətrafında müəllimlər tərəfindən sual-cavab, müzakirə və analitik yanaşma üsullarından da istifadə edilib. Bu üsullarla tələbələrin fəallığı və mövzu üzrə bilik səviyyəsi də qiymətləndirilib.
Tədbirdə milli-mənəvi dəyərlərin təbliği və Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması məqsədilə Novruz bayramına həsr olunmuş “Xanlıqlar dövründə Novruz bayramı” adlı rollu oyun da təşkil edilib. Oyun çərçivəsində bildirilib ki, Novruz bayramı Azərbaycan xalqının qədim və zəngin ənənələrini özündə əks etdirən milli-mədəni dəyərlər sistemində mühüm yer tutur və tariximizdə xüsusi əhəmiyyətə malikdir.
Tədbir tələbələr tərəfindən maraqla qarşılanıb və onları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.




