- 03 Nov 2025
Bakı Avrasiya Universitetində (BAAU) Elm, innovasiya və doktorantura sektorunun təşkilatçılığı ilə “Biznes planın hazırlanması prosesində diqqət edilməli məqamlar” mövzusunda onlayn seminar təşkil olunub. Seminarın mentoru “Paşa Həyat Sığorta” ASC-nin əməkdaşı Paşayeva Xanım müasir biznes mühitində effektiv planlaşdırmanın rolu, biznes planın əsas strukturu, bazar araşdırmasının aparılması, maliyyə proqnozlarının hazırlanması, risklərin qiymətləndirilməsi və layihələrin investisiya cəlbediciliyinin artırılması kimi mühüm istiqamətlər müzakirə olunub.
Paşayeva Xanım təqdimatında qeyd edib ki, peşəkar hazırlanmış biznes plan sahibkarlıq ideyasının sistemli şəkildə formalaşmasına, rəqabət mühitində uğur qazanmaq imkanlarının yüksəldilməsinə və həm maliyyə qurumları, həm də potensial investorlarla əməkdaşlıq üçün möhkəm baza yaradılmasına xidmət edir. O, tələbələrlə praktiki nümunələr üzərində işləyərək biznes planın mərhələləri və struktur elementləri haqqında ətraflı məlumat verib.
Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb. Sonda tələbələrə biznes planlaşdırma ilə bağlı əlavə tövsiyələr verilib.
Təşkil olunan seminarlar və görüşlər BAAU-nun “Universitet – Sənaye Əməkdaşlığı” tədbirləri çərçivəsində həm sənaye-biznes əlaqələrinin inkişafına, həm də dəvət olunan təcrübəli mentorların bilik və təcrübələrini tələbələrlə bölüşmək üçün yaradılmış bir fürsətdir.
Dəvət olunan mentorlar təqdimatları vasitəsilə real keyslər və nümunələr əsasında tələbələrin peşəkar biznes bacarıqlarının inkişafına, biznes sahəsində aktual bilik və kompetensiyalara yiyələnmələrinə də dəstək olurlar.




